ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

İsrafil Abbasov

                                                Asif Hacıyevin “Müasir nəsrin poetikası.
Mif və folklor qaynaqları” monoqrafiyası
        haqqında
 
 
Rəy
 
         Monoqrafiya ədəbiyyatşünaslıq və folklorşünaslığımızın vacib bir məsələsinə - müasir nəsr və şifahi xalq yaradıcılığının qarşılıqlı əlaqəsinə həsr edilib. Kitabda bu məsələ ənənəvi tərzdə deyil, bədii təfəkkür və mətn poetikası səviyyəsində tədqiq olunur. A.Hacıyev mif və folklorun müasir müəllif təfəkkürü, mətnlərin təhkiyə quruluşu, obraz, süjet və kompozisiya sistemi, janr kimi mühüm kateqoriyalarına təsirini xüsusi ardıcıllıqla izləmiş, bu anlayışların tarixi tipologiyası və inkişafı haqqında yeni elmi qənaətə gəlmişdir. Müəllif mifoloji arxetiplərin, şifahi yaradıcılığa xas poetik prinsiplərin və janr tiplərinin müasir nəsrə təsirini araşdırmaqla kifayətlənməmiş, bu məsələlərin ümumi nəzəri cəhətləri haqqında da orijinal fikirlər söyləmişdir. Bədii əsəri üç amilin – müəllif, mühit və ədəbi ənənənin təsirindən yaranan tamlıq kimi araşdıraraq, A.Hacıyev bir çox poetik anlayışların yeni elmi şərhini vermiş, maraqlı elmi müşahidələr aparmışdır. Fikrimizcə, xüsusi maraq doğuran belə məsələlərdən biri xalq yaradıcılığında və ədəbiyyatda müəllif obrazı məsələsi, bu obrazın tarixi tipologiyası və bədii əsərdə yeridir. Eləcə də, obraz, süjet, bədii zaman və məkan, janr haqqında monoqrafiyada söylənilən mülahizələrin orijinallıq və elmi perspektivliklə seçildiyini qeyd etmək olar. Bütövlükdə, A.Hacıyev mif və folklor ənənəsini müasir nəsrdə adi material deyil, yaradıcılıq prinsipi, poetik sistemin əsası, müasir bədii təfəkkürün inkişafında vacib yaradıcılıq amili kimi təhlil edir.
         Monoqrafiyada geniş ədəbi material müqayisəli təhlil olunmuş və müxtəlif əsərlərdə, ayrı-ayrı milli ədəbiyyatlarda aşkarlanan, mif-folklor qaynaqlarından gələn tipoloji uyğunluqlar təsnif edilmişdir. Bu baxımdan, əsərin yeni cəhətlərindən biri də budur ki, burada türk şifahi və yazılı nəsri digər xalqların, xüsusən rus xalqının söz sənəti ilə müqayisəli tədqiq olunur. Belə münasibət türk nəsr ənənəsinin milli özünəməxsusluğunu və həm də ümumi tipologiyasını dərk etməyə imkan verir.
         Müəllifin mövcud elmi araşdırmalara bələdliyini, bir çox ənənəvi konsepsiyalara tənqidi münasibətini və yeni nəzəri nəticələrə gəldiyini xüsusi qeyd etmək istərdik. Kitabda mif və folklor təfəkkürünü yeni dövrdə də yaşadığı, müasir ədəbiyyatı və bütövlükdə mədəniyyəti özünəməxsus cəhətlərlə zənginləşdirdiyi ciddi dəlillərlə təsdiq olunur. Bu baxımdan monoqrafiyanın müasir şifahi nəsrə – Axısqa türklərinin şifahi nəsr mətnlərinə aid hissəsini xüsusi qeyd etmək, bu mətnlərin toplayıcısının da A.Hacıyev olduğunu nəzərə çatdırmaq istərdik.
         Bütün bu deyilənləri ümumiləşdirərək, A.Hacıyevin monoqrafiyasını filologiyamızı yeni fikir və müşahidələrlə zənginləşdirəcək dəyərli bir əsər kimi qiymətləndirir, əsərdə tarixi poetikanın bir sıra mürəkkəb məsələlərinin yeni baxımdan şərh və həll olunduğunu qeyd edir və kitabı çapa təklif edirik.
 
 
 
 
İsrafil Abbasov
Nizami adına Ədəbiyyat İnstitutu
Folklorşünaslıq şöbəsinin müdiri,
filologiya elmləri doktoru   
1997           
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol