ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

HƏYATI

 



       Asif Hacılı (Asif Abbas oğlu Hacıyev)
- ədəbiyyatşünas, tənqidçi, folklorşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
     1960-cı il aprel ayının 3-də Borçalı mahalının Sarvan şəhərində Nayvəlilər ocağında anadan olub. Borçalının öndər şəxsiyyətlərindən Nayvəli Vəli oğlunun nəticəsi olan el ağsaqqalı Məhəmməd Hacı oğlunun nəvəsidir, görkəmli ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Abbas Məhəmməd oğlu Hacıyevin oğludur.  Mənsib olduğu Nayvəlilər ocağı Sarvanda ziyalılar nəsli kimi tanınır, Məhəmməd Hacı oğlunun səkkiz, qardaşı Rüstəmin altı övladı, nəvə və nəticələri savadlı, təhsilli, zəhmətkeş və halal insanlardır.


           
            

Rüstəm kişi özü uzun illər Sarvanda məktəbdə müəllim işləmiş, 2-ci Dünya müharibəsi iştirakçısı olmuşdur. Abbas Hacıyevdən başqa, Məhəmməd və Rüstəmin övladları Cümşüd, Vəkil, Zahid, Baxış, Tofiq, Avtandil, Rafiq, Cavad, Laçın, Xanlar, Tariyel ali təhsil almış, dövlət qulluğunda, təhsil sahəsində məsul vəzifələrdə çalışmışlar. Zahid və Baxış Bakıda, Avtandil Borçalıda məsul vəzifələrdə işləmişlər. Bahadur tikinti işləri, Namiq ticarətlə məşğul olub. Cümşüd və Vəkil Hacıyevlər uzun illər Bakıda universitetdə dərs demiş, nüfuzlu alim-pedaqoqlar kimi tanınmışlar. Tofiq Hacıyev Gürcüstanın nüfuzlu ictimai-siyasi xadimi və uzun illər təhsil sistemində çalışan pedaqoqdur. Tofiq müəllim Marneulidə rus məktəbində müəllim, məktəb direktorunun müavini, direktor, təhsil şöbəsinin müdiri işləmiş, məsul partiya və dövlət vəzifələrində çalışmış, siyasi fəaliyyət göstərmişdir. Hazırda Tiflisdə universitetdə çalışır. Rafiq, Cavad, Xanlar, Tariyel Hacıyevlər də təhsil sahəsində fəaliyyət göstərmiş ziyalılardır. Rafiq Hacıyev Borçalıda tanınan nüfuzlu ziyalı, ədəbiyatçı, ingilis dili müəllimidir. Tariyel müəllim Borçalının Qullar kənd məktəbində müəllim, direktor müavini, direktor vəzifələrində çalışmış, 1975-1985-ci illərdə Marneuli rayon Gənc Müəllimlər Şurasının Sədri olmuşdur. (Nayvəlilər nəsli haqqında bax: nayvəlilər.tr.gg) 





Abbas Hacıyev 1957-ci ildə Bakıda BDU filologiya fakültəsini müvəffəqiyyətlə bitirdikdən sonra Sarvana qayıtmış, bir neçə ay məktəbdə dərs demiş, sonra onu Marneuli rayon partiya komitəsinə təlimatçı vəzifəsinə təyin etmişlər. 1959-1961-ci illərdə isə irəli çəkilərək, rayon komsomol komitəsinin birinci katibi və partiya təşkilatının büro üzvü, Marneuli rayon Sovetinə deputat və Gürcüstan Komsomolunun Mərkəzi Komitəsinə üzv seçmişlər.


   1962-ci ildə Bakıdan görkəmli alimlər Mir Cəlal Paşayev, Məmmədağa Şirəliyev, Məmməd Cəfər, Şıxəli Qurbanov, Kamal Talıbzadənin tövsiyəsi və dəvəti ilə ailəliklə Bakıya köçüb Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olur. Müəllimi Mir Cəlal Paşyevin elmi rəhbərliyi ilə Şıxəli Qurbanovun rəhbərlik etdiyi şöbədə elmi fəaliyyətə başlayır. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra bir müddət Azərbaycan Dillər İnstitutunda müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışır. 1973-ci ildən elmi-pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Pedaoji Universtetində davam etdirib, uzun illər Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik edib. 
           


     

Abbas Hacıyev müəllimləri ilə
(ayaq üstə sağdan birinci)


     Asif Hacılı 1967-ci ildə Bakı şəhər 190 saylı məktəbin birinci sinfinə gedir. Yaşayış yerlərini dəyişdiklərinə görə 1969-cu ilin yanvar ayından, ikinci sinfin üçüncü rübündən təhsilini Bakı şəhəri 246 saylı məktəbdə davam etdirir.  1977-ci ildə 246 saylı orta məktəbi, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir.
  Orta və ali məktəbdə oxuduğu dövrdə tarix və ədəbiyyat üzrə respublika şagird olimpiadalarının və tələbə elmi konfranslarının qalibi olub, fəxri fərmanlarla və iki dəfə ÜİLKGİ Mərkəzi Komitəsinin (ümumittifaq komsomol təşkilatının) “Əla təhsilə görə” (02.04.1976, 26.03.1981) nişanları ilə təltif edilib. 

1982-1986-cı illərdə Təhsil Nazirliyinin təyinatı ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə tərbiyəçi-taqım komandiri işləyib. Bu hərbi məktəbin müəllim komsomol təşkilatının katibi, Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub. Səmərəli pedaqoji fəaliyyətinə görə məktəb rəhbərliyinin təşəkkürnamələri və ümumittifaq “Ən yaxşı gənc müəllim” (18.06.1986) nişanı ilə təltif edilib. Eyni zamanda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatından dərs deyib. Üç illik təyinat dövrü bitdikdən sonra könüllü olaraq öz buraxılış sinfinin təhsilini başa çatdırmaq üşün bir il əlavə olaraq həmin məktəbdə işləyib. Bu dövrdə taqım komandiri-tərbiyəçi kimi iki buraxılış sinfi olub, məzunlarından bir çox hərbçilər, cəbhədə döyüşmüş,  şəhid və qazi olmuş zabitlər, dövlət qulluqçuları, digər sahələrdə çalışan ləyaqətli vətəndaşlar yetişib.  



Ümumittifaq “Ən yaxşı gənc müəllim” nişanı


  1984-1987-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində dissertant olub.
   
   1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda fəaliyyətə başlayıb, 30 il bu təhsil müəssisəsində işləyib. Bu təhsil ocağında Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub. Tərcümə, sonradan Rus ədəbiyyatı tarixi kafedralarında, 1992-ci ildən 2016-cı ilə qədər isə Ədəbiyyat nəzəriyyəsi kafedrasında işləyib.
 
Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası, XX əsr Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan və rus ədəbi tənqidi tarixi fənlərindən mühazirələr və xüsusi kurslar aparıb.
    1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.
 2000-2014-cü illərdə  Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, 2014-2016-cı illərdə rektoru işləyib.
 
 2016-cı ilin sentyabr ayından Azərbaycan Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasında professor vəzifəsində çalışır.



 

Ədəbiyyat nəzəriyyəsi, tarixi poetika, müasir Azərbaycan və rus ədəbiyyatı, mifologiya  folklorşünaslıq üzrə tədqiqatlar aparır, tərcüməçiliklə məşğul olur, mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış edir.

Mifopoetik təfəkkürün fəlsəfi-estetik məsələlərinə, bayatıların struktur-semiotik təhlilinə, müasir Azərbaycan və rus ədəbiyyatının poetikasına, rus ədəbiyyatında islam və Şərq motivlərinə, müasir Azərbaycan, rus və türk xalqları ədəbiyyatında mifologizm və folklorizm probleminə aid monoqrafiyaların və məqalələrin müəllifidir. Türk epik və lirik ənənəsinin tarixi-poetik xüsusiyyətlərinə, milli şüurdakı etnopoetik konseptlərə, müasir ədəbi prosesə, ədəbi əlaqələrə və müqayisəli ədəbiyyatşünaslığa, təhsil problemlərinə dair elmi əsərləri dərc olunmuşdur.

Avrasiyaçılığa dair mətnlərin, XX əsr ədəbi manifestlərinin bir sıra nümunələrini tərcümə etmişdir.


BSU Ədəbiyyat nəzəriyyəsi kafedrası

Elmi yaradıcılığında Borçalı  Ahıska türklərinin folklorunun toplanması, tədqiqi və nəşri xüsusi yer tutur. 1986-cı ildən Borçalı və Ahıska türklərinin folklorunun toplanması ilə məşğuldur. Ahıska türklərinin mifologiyasına, folkloruna, tarixinə, etnik mədəniyyətinə və etnoqrafiyasına həsr olunmuş kitabları türkologiyanın bu sahəsinə aid ilk sanballı əsərlər kimi yüksək qiymətləndirilmişdir. Bu sahədə tədqiqatlarından və topladığı folklor-etnoqrafik materiallarından ibarət məqalələri və kitabları Azərbaycanda  Türkiyədə dərc olunub.


Saatlı, Şirinbek kəndi, 1980-ci illərin ortaları,
folklor ekspedisiyasında.
Soldan Faiq Mamaxov, Cabir Xalidov,
Asif Hacılı, Mirzə Misliyev və ahıskalı gənc

Borçalı türk folklorunun toplanması, tədqiqi və təbliğindəki xidmətlərinə görə Borçalı İctimai Cəmiyyətinin Fəxri diplomu ilə təltif olunub. Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin "XXI Əsrin Ziyalıları" MM Cəmiyyəti ilə birlikdə təsis etdiyi "Abdulla Şaiq" Fəxri mükafatı ilə təltif olunub.
    Türk Ocakları Kayseri Şöbəsinin Teşekkür Belgesi ilə təltif olunub.

Türkologiyada çox az öyrənilmiş türkdilli xristian xalq olan urumların tarixinə və folkloruna dair kitabın müəllifidir.

Əsərləri Rusiya, Türkiyə, Almaniya, Ukrayna, Bolqarıstan, Belarus, Özbəkistan, Tacikistan, Gürcüstan və başqa yerlərdə çap edilib. Üç yüzə qədər elmi əsərin, o cümlədən monoqrafiyaların və dərsliklərin müəllifidir.
   Əsərlərindən bir sıra xarici ölkələrin alimləri və nüfuzlu universitetlərin əməkdaşları tərəfindən elmi məqalə və monoqrafiyalarda, dissertasiyalarda, tədris və fənn proqramlarında, dərs vəsaitlərində istifadə olunur, istinadlar verilir.
  50-dən çox monoqrafiya, elmi məcmuə, dərslik və digər elmi əsərlərin elmi redaktoru, məsləhətçisi, rəyçisidir. 
Bir çox dissertasiya işinə opponentlik edib, doktorantların elmi rəhbəri və məsləhətçisidir. 
    Moskva, Kiyev, Ankara, İstanbul, Roma, Drezden, Astana, Daşkənd, Aşqabad, Düşənbə, Tbilisi, Minsk, Sofiya, Skopye, Sankt-Peterburq, Yekaterinburq, Volqoqrad, Bursa, Antalya, Kayseri, Eskişəhir, Gürsu, Varna, Şumen, Qroznı və başqa şəhərlərdə beynəlxalq elmi konfranslarda və digər tədbirlərdə iştirak edib.
        

Ukrayna, Kiyev, Heydər Əliyev adına Sosial Elmlər
İnstitutunun ilk azərbaycanlı tələbələri ilə

            
Beynəlxalq elmi konfransın açılışı
(Bakı, 2014)

         
Beynəlxalq konfransda çıxış
(Moskva, 2016)




İtaliya, Roma, Sapienza Universitetində mühazirə


İtaliya, Roma, İncəsənət Universtettinin prezidenti
və rektoru ilə görüş





Türkiyə, Kayseri, Erciyəz Universitetində mühazirələr


Almaniya, Drezden, konfransda çıxış



Türkiyə, Bursa, Uludağ Universitetində çıxış (2014)


Rusiya, Volqoqrad Dövlət Sosial-Pedaqoji Universitetində Beynəlxalq Forumun açılışında çıxış (2018)


Volqoqradda Forumda



İstanbulda Ahıska konfransında (2019)

İstanbulda Ahıska konfransında Qazaxıstan heyətinin təqdim etdiyi hədiyyə - milli geyim çapan


Belarus, Minsk şəhərində beynəlxalq konqresdə (2019)

Minskdə heyətimizin akademik V.Q.Kostomarovla görüşü

Bakı Ali Hərbi Dənizçilik Məktəbində mühazirə



Şamaxıda millət vəkili Elxan Süleymanovun dəstəyi ilə keçirilən Sabir qiraət müsabiqəsində

Türk Dövlət və Cəmiyyətlərinin X (Antalya) və XI (Bakı) Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultaylarında iştirak etmişdir. XI Qurultayın "Beynəlxalq əlaqələr, Media və İnformasiya Texnologiyaları" komissiyasının katibi olmuşdur. Həmin qurultaylarda Borçalı və Ahıska türklərinin problemləri, xüsusən, milli maarif və mədəniyyət, repatriasiya məsələləri üzrə məruzələr etmiş, məruzələrin müddəaları qurultayların qərarlarında əks olunmuşdur.
  Bax: "TÜRK DÖVLƏT VƏ CƏMİYYƏTLƏRİNİN XI DOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYININ YEKUN HESABATI"NIN 9-cu maddəsi: "9. Qurultay hesab edir ki, Gürcüstan parlamenti tərəfindən qəbul edilmiş “XX əsrin 40-cı illərində Sovet hakimiyyəti tərəfindən Gürcüstandan zorla qovulmuş şəxslərin repatriasiyası haqqında” qanunun icrası ilə əlaqədar Ahıska türklərinin Gürcüstana qayıdışı, repatriant statusu və vətəndaşlıq alınması məsələlərinin həllinə yardım göstərilməsində türkdilli ölkələrin dəstəyinə ehtiyac var".

"Borçalı" və "Qaraçöp" cəmiyyətlərinin idarə heyətinin üzvü, I Uluslararası Ahıska türkləri qurultayının, Ahıska türkləri "Vətən" cəmiyyəti qurultaylarının iştirakçısı olub.

Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunun iştirakçısı (mart 2007), Dünya Azərbaycanlıları Xartiyasını hazırlayan işçi qrupunun üzvü olub.

Orta məktəblər və universitetlər üçün bir sıra proqram və dərsliklərin müəllifidir. Təlim rus dilində olan ümumtəhsil məktəbləri ücün "Ədəbiyyat" fənnindən kurrikulumun hazırlanması üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçi qrupunun sədri, həmin məktəblərin 5-11-ci sinifləri üçün "Ədəbiyyat" fənnindən proqram və dərsliklərin hazırlanması üzrə Təhsil Nazirliyi müəlliflər qrupunun rəhbəri, dərsliklər kompleksinin həmmüəllifi və elmi redaktorudu kimi fəaliyyət göstərib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodik Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin sədr müavini (TN 08.06.2001 tarixli 676 saylı əmri), Təhsil Nazirliyinin Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının üzvü (TN 04.03.2008 tarixli 298 saylı əmri) kimi fəaliyyət göstərib.

Azərbaycanın umumtəhsil məktəblərinin V-IX sinifləri ücün "Qiymətləndirmə Standartlarının təkmilləşdirilməsi" və "Ümumi təhsil məktəblərində və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsilalanların qiymətləndirilməsi və yekun dövlət attestasiyasının aparılması Qaydaları" əsasında fənn muəllimləri uçun muvafiq təlimatların hazırlanması üzrə təlim rus dilində olan umumtəhsil məktəbləri uçun "Ədəbiyyat" fənni üzrə İşçi qrupunun sədri olub.
    Naxçıvan Dövlət Universiteti üzrə və Azərbaycan Dövlət Pedaqoji Universiteti üzrə (ADPU-da 2007/2008-ci tədris ilində akkreditasiyadan keçməmiş bəzi ixtisas və ixtisaslaşmalar üzrə, TN 19.03.2009 əmri) Təhsil Nazirliyi attestasiya və akkreditasiya komissiyalarının sədri, Azərbaycan İctimai-Siyasi Universitetinə verilmiş lisenziyanın vaxtının uzadılması məsələsini araşdırmaq məqsədilə yaradılmış Ekspert qrupunun üzvü (TN 05.08.2008 tarixli 987 saylı əmri) olub.
  Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 295 saylı Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planını hazırlayan işçi qrupunun üzvü (TN 02.06.2009 tarixli 103s saylı əmri) olub.
  “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planında nəzərdə tutulan tədbirləri müəyyən olunmuş müddətdə həyata keçirmək məqsədilə TN tərəfindən yaradılmış Elmi-Koordinasiya Şurasının və “Ali təhsilin məzmunu, təlim texnologiyaları” üzrə bölmənin üzvü olub (TN 02.10.2009 tarixli 1103 saylı əmr).
  Ali təhsil ixtisasları (proqramları) üzrə beynəlxalq tələblərə uyğunlaşdırılmış məzmunca yeni Təhsil Proqramlarının hazırlanması məqsədilə yaradılmış Təhsil ixtisaslrı üzrə işçi qrupunun üzvü (TN 12.12.2011-ci il tarixli 2045 saylı əmri) olub.
    Respublikanın ali təhsil sistemində kredit sisteminin tətbiqinin monitorinqini aparmaq və alınan nəticələri təhlil etmək məqsədilə yaradılmış işçi qrupunu üzvü kimi çalışıb (TN 16.10.2008 tarixli 1146 saylı əmri).
  Ali təhsil müəssisələrində çoxballı sistemin tətbiqi ilə bağlı aparılan eksperimentin gedişi vəziyyətini araşdırmaq və yaranmış vəziyyətə dair müvafiq təklifləri hazırlamaq məqsədilə yaradılmış işçi qrupunun üzvü (TN 16.10.2002 tarixli 986 saylı əmri) olub.
  Pedaqoji kadr hazırlığı aparılan ali məktəblərdə tədrisin vəziyyətini araşdırmaq və kadr hazırlığının məzmununu yeniləşdirmək məqsədilə TN tərəfindən yaradılmış işçi qrupunun üzvü (TN 15.03.2002 tarixli 234 saylı əmri), “Azərbaycanda Bolonya prosesi-Tempus proqramı” mövzusunda seminar-müşavirənin tövsiyələrini həyata keçirmək məqsədilə yaradılmış işçi qrupunun üzvü (TN 27.09.2005 tarixli 668 saylı əmri) olub.
   
    AMEA Ədəbiyyat İnstitutunun Tarixi poetika şöbəsinin və Folklor İnstitutunun əməkdaşı kimi fəaliyyət göstərib. 
   Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəxri üzvüdür, bu Mərkəzin Məşvərət Şurasının Təhsil-Tədris komissiyasının sədri olub.

 Rus dilinə dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin (Международное педагогическое общество в поддержку русского языка, РФ, г.Москва) təsisçilərindən biri (2004) və üzvüdür. Bu cəmiyyətin Koordinasiya və Ekspert-konsultativ şuralarının üzvü kimi fəaliyyət göstərir (2004-ci ildən indiyədək).

Moskva Humanitar Pedaqoji İnstitutunun Elmi Şurasının 26.09.2006-cı il tarixli qərarı (№12) ilə bu təhsil müəssisəsinin elmi həyatında iştirakına, rus dili və mədəniyyətinin təbliğinə, Rusiya və Azərbaycan arasında beynəlxalq elmi-pedaqoji əlaqələrin möhkəmlənməsinə fəal dəstəyinə görə Asif Hacıyevə bu İnstitutun Fəxri professoru adı verilmşdir. Bu təhsil ocağının fəxri professorları sırasında Valentin Rasputin, Vitali Kostomarov, Albert Lixanov kimi görkəmli ədiblər, alimlər, ictimai xadimlər var.


Fəxri professor diplomunun təqdimetmə mərasimi
(Moskva, 05.10.2006)


 

Rossotrudniçestvanın “Dostluq və əməkdaşlığa görə” Fəxri nişanı (почетный знак Федерального агентства по делам СНГ, соотечественников, проживающих за рубежом, и международному сотрудничеству /Россотрудничество/ "За дружбу и сотрудничество", Москва, 6 июня 2014 г.)



Rus dilinə dəstək beynəlxalq pedaqoji cəmiyyətinin (Moskva) “Müəllim adına sədaqət” medalı (медаль Международного педагогического общества в поддержку русского языка "За верность учительскому призванию",  Москва, 24 октября 2014),

          
                        

Rusiya Federasiyasının A.S.Puşkin medalı ilə (Медаль А.С. Пушкина «За большие заслуги в распространении русского языка», Moskva, МАПРЯЛ, 22 апреля 2016 г.) təltif olunmuşdur.

                                       

Rusiya səfirliyində müəllim gününə
həsr olunmuş tədbirdə çıxış

 


Sofiya Universitetində
Azərbaycanşünaslıq mərkəzinin açılışında


          

Yekaterinburqda Ural Federal Unversitetində
       Azərbaycanşünaslıq mərkəzinin açılışında


 
Skopyedə (Makedoniya) Müqəddəs Kirill və Mefodi
Universiteti ilə əməkdaşlıq müqaviləsinin imzalanması 


Qafqaz Universitetlər Birliyi Bilim Kurulunun üzvüdür (Türkiyə), AMEA Folklor İnstitutu elmi-nəzəri seminarın sədri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu nəzdində və BSU nəzdində dissertasiya şuralarının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Filologiya üzrə Ekspert Şurasının üzvü (2007-2011) olub. AMEA Folklor İnstitutu nəzdində Folklorşünaslıq üzrə problem şuranın üzvü, 2011-2016-cı illərdə Bakı Slavyan Universiteti nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.02.071 Dissertasiya Şurasının sədri olub. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi nəzdində Dissertasiya Şurasının üzvüdür. 
  "BSU Elmi əsərləri"nin baş redaktoru, "Rus dili və ədəbiyyatı Azərbaycanda" (Русский язык и литература в Азербайджане")"Literaturnıy Azerbaydjan" ("Литературный Азербайджан"), "Qarapapaqlar" (Gürcüstan), "Vestnik MQLU" ("Вестник МГЛУ", Россия, Москва), "Elmi dialoq" ("Научный диалог", Россия, Екатеринбург), "Beytüs-Səfa" jurnallarının, "Filoloqun kitabxanası" seriyasının, "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasının, "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri", "Elm və cəmiyyət", "Şərq və Qərb" məcmuələrinin, "Şərqin səsi" qəzetinin, "Zim.az" saytının redaksiya heyətlərinin, Yakov Qoqebaşvili adına Milli Pedaqoji Elmlər İnstitutunun "SAZRİSİ" ("Fikir", Gürcüstan, Tbilisi) Elmi əsərlərinin Elmi-konsultativ Şurasının üzvü, "Avrasya" Uluslar Arasi Araştirmalar Dergisinin (Türkiyə) Dış Temsilcisi və hakemi kimi fəaliyyət göstərmiş və ya göstərməkdədir. 


Yazıçılar Birliyində Ahıska türklərinə həsr olunmuş verilişin çəkilişində


Azərbaycan Tərcümə Mərkəzi Elmi-bədii Şurasının üzvüdür.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Əlavə məlumat və əsərləri:

nayveliler.tr.gg
ahiskavatan.tr.gg
akademia.edu.Асиф Гаджиев (Asif Hacılı)
kaynakça.info. Asif HACILI
wikipedia.az. Asif HACILI
википедия.ру. Асиф Гаджиев
asifhacılı. blogspot













 

 

 

 

 

 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol