ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Kamal Abdulla

Ecazkar mənalar aləmi
 
 
...bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və
                                                  qəbilələrə ayırdıq...
Qurani Kərim, əl-Hucurat, 13 
 
                                                              …Мы сделали вас народами и племенами,
                                                          чтобы вы знали друг друга…
                                                                                                                Коран,  Комнаты, 13
       
 
Bəşər tarixini yeni ruhsal məcraya, həqiqi inanc və iman, haqq və ədalət, hikmət və mərifət  yo­lu­na yönəltmiş islam  bu günümüzdə müxtəlif səpgili və niyyətli fəl­sə­fi, elmi, siyasi, ideoloji şərh və təfsirlərə məruz qalan aktual mövzulardan biri ol­muşdur. Bir tərəfdən, qərbçi dünya modelinə uyğun qlo­bal­laşma prosesi, digər tərəfdən, müsəlman xalqlarının milli maraq və özgürlüyün qorunması yolunda təbii çabaları islamı kəskin ictimai, siyasi olayların mərkəzinə çıxarmışdır.
Bunun fonunda insanı yaradıl­mış məxluqun ali məqamında tu­tan, ilahidən pak və saf görən, cəmiyyətə azadlıq, bərabərlik, ədalət gətirən, di­gər din mənsublarına, əhli-kitaba, sayqı və sevgiylə yanaşan islamın həqiqi mahiyyəti, sülh, barış ide­al­ları geniş təbliğ olunmalıdır. Əlbəttə ki islama digər dinlərin zəka, elm, sə­nət nümayəndələrinin ehtiramını, islami dəyərlər ətrafında mənəvi-fəlsəfi ax­tarışlarını bilmək və xatırlatmaq zəruridir. Bu baxımdan, tarixən müsəlmanlarla mənəvi, coğrafi təmasda olmuş Rusiyalı görkəmli alim və sənətkarların, yazıçı və şairlərin is­lama diqqət və sayqısı böyük maraq kəsb edir.
Xüsusi tədqiqə ehtiyac olmadan da demək olar ki, müqəddəs Qurani Kərimin aydın və gerçək, eyni zamanda sirli və ecazkar Sözü bir çox rus mütəfəkkirlərini dərindən düşündürmüş, gərgin fəlsəfi-mənəvi, elmi və bədii ax­ta­rışların mövzusu ol­muş­dur. Şərq  mədəniyyətinə bu böyük marağın təzahürü kimi Azərbaycan mədəniyyətinə də münasibət diqqəti çəkməyə bilmir. Elə həmin dövrdə Almaniyada fon Dits “Kitabi-Dədə Qorqud”u, Bodenştedt Mirzə Şəfini tərcümə edir. XIX əsrin əvvəlində işıq üzü görən bu və buna bənzər əsərlər ümumiyyətlə Şərq aləminə münasibəti göstərir, Şərqlə Qərbin əlaqə tellərinin qırılmazlığını sübut edir və dolayısı ilə desək, Kiplinqin məşhur devizinə (“Şərq Şərqdir, Qərb də Qərbdir və onlar heç vaxt qovuşa bilməz”) qarşı yönəlir. Avropalılar Şərq müdrikliyinin,  islam möcüzəsinin sehrinə düşürlər, dünya fa­teh­lərinin qəlbini islamın rəbbani ülviyyəti fəth edir. Hətta rus ordusunda müsəlmanlara qarşı döyüşlərdə iştirak edən bir çox  ədiblər, şair və yazıçılar  belə yeri və zamanı gəldikcə islam hik­mə­tinə sığınırlar. Onların çarpaşıq ruhları Qurani Kərimin dürlü kəlamları ilə ta­razlaşır, mənəvi təskinliyə və qurtuluşa qovuşur. Beləcə Aleksandr Puşkin, Nikolay Qoqol, Lev Tolstoy, Konstantin Balmont, Velimir Xlebnikov, İvan Bunin və bir çox di­gər sənətkarlar Qurani Kərimin ecaz­kar mənalar aləminə, söz möcüzəsinə, ifadə və təlqin xüsusiyyətinə valeh olmuşlar. Və bu valehlik mənəvi təbəddülata, yeni dəyərlər sistemində daxili axtarışlara, Quran motivləri ətrafında əsl coşqun poetik yaradıcılığa təkan vermişdir.
Qurani Kərimin  dərin dini, fəlsəfi, mənəvi, bədii axtarışlara sövq etdiyi, humanist dəyərlər aşıladığı rus yazıçı və şairlərinin islam ruhu aşılanmış əsərləri olduqca ak­tu­aldır. Bu zəngin irs islamın ümumbəşəri mahiyyətini bir daha təsbit etməklə yanaşı, görkəmli nümayəndələrin timsalında rus ədəbiyyatının humanist məzmununun dərki, xalqlarımızın bir-birini daha yaxından tanıması üçün də dəyərlidir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, tanınmış ədəbiyyatşünas prof.Asif Hacıyevin müxtəlif mənbələr əsasında təqdim etdiyi bu kitabın oxucularda, tərcüməçilərdə və mütəxəssislərdə mövzuya dərin maraq oyadacağına əminəm.
 
                                                                                   Kamal Abdulla
 
Qurani Kərim rus ədəbiyyatında. B., 2009 kitabına ön soz