ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Novruz Novruzov


NOVRUZ NOVRUZOV
RUS DÜŞÜNCƏSİNƏ NÜFUZ
 
Asif Hacılı: “Rusların Şərq və islam dünyası ilə ilk tanışlığında türklərin, xüsusən bulqarların, xəzərlərin, peçeneqlərin, tatarların, səlcuqların və digər türk uluslarının müstəsna rolu olub.”
Bəşər cəmiyyətinin inkişafında müxtəlif dövrlərə məxsus sivilizasiyaların oynadıqları rol barədə bütün ölkələrdən olan tarixçilər tərəfindən çox tədqiqatlar aparılıb, elmi-publisistik əsərlər yazılıb. Bu əsərlərdə Çin, Avropa, Amerikada qədim hindu sivilizasiyaları və digərləri barədə birbaşa qeydlər olsa da Türk sivilizasiyası barədə (əsasən qərb tədqiqatında) birbaşa elmi iddialar, yaxud açıqlamalar və etiraflar yox dərəcəsindədir. Son bir neçə yüz ildə əldə etdiyi iqtisadi yüksəliş və siyasi nüfuzu ilə dünya gündəmində hökmranlıq edən Qərb siyasi ambisiyaları ücbatından Türk dünyasının bəşər tarixində tutduğu yeri etiraf etmək istəmir. Lakin tarixi həqiqətləri müvəqqəti ört-basdır etmək mümkün olsa da məhv etmək hələ heç kəsə müyəssər olmayıb.
Türk xalqlarının tarixdə qoyduqları izlər barədə görkəmli rus tarixçilərinin tədqiqatları və qələmə aldıqları fundamental elmi toplularda, yazıçıların və ədəbiyyatşünasların əsərlərində göstərilən faktlar siyasətçilərin yersiz inadkarlığına tutarlı sübutdur. Həmin tədqiqatların böyük bir qismini araşdırıb təhlil edən tədqiqatçı-alim, Bakı Slavyan Universitetinin prorektoru, professor Asif Hacılı yeni çap etdirdiyi “Qurani Kərim rus ədəbiyyatında” adlı kitabında rus dövlətçiliyinin, rus ictimai fikrinin formalaşmasında, slavyan xalqlarının mənəvi, siyasi və iqtisadı yüksəlişində əhəmiyyətli, bəzi hallarda isə həlledici rol oynamış Türk sivilizasiyasının yeri və təsiri barədə ətraflı məlumat verir.
Kitabın “Qədim dövr ədəbiyyatı” adlanan ilk bölməsinin epiqrafı A.Hacılının qarşıya qoyduğu məqsədin açarı sayıla bilər: “...gerçək milli özünüdərk üçün bizə, ruslara, özümüzdə Turan elementinin varlığını nəzərə almaq, öz turanlı qardaşlarımızı öyrənmək lazımdır... Nikolay Trubetskoy”. Görkəmli rus filosofunun bu etirafı, daha dəqiq desək, tarixi həqiqəti olduğu kimi qabartması Türkün inkişaf yollarının nə qədər geniş şəbəkəyə malik olduğuna bariz misaldır.
A. Hacılının tədqiqat strategiyası da maraq doğurur. Alim türk dövlətlərinin intişarından slavyanların, o cümlədən rusların faydalanması və inkişaf etmiş türklərin İslamı əxz etməklə yanaşı ali mənəvi dəyərləri rus cəmiyyətinə ötürməsi proseslərinin yanaşı getdiyini və bir-birlərini tamamladığını dəqiq faktlarla sübut edir. Təbii ki, Quranın rus təfəkkürü tərəfindən qavranılması digər bütün mütərəqqi mənəvi ideyalar kimi asan qəbul edilmir. Əksinə uzun bir dövr ərzində İslam əleyhinə çarpışmalar, müharıbələr baş verir, ideoloji təbliğat aparılır. Ancaq Rusiyanın özündə ictimai fikrin inkişafı Quranın öyrənilməsini və qəbulunu labüdləşdirir. Reallığı və elmiliyi ilə mükəmməl olan İslam məhz bu cəhətilə fərqlənir və intellekt dühaları fəth edir.
Müəllif apardığı tədqiqat sayəsində tarixin ibrətamiz gərdişi barədə çox maraqlı nəticələrini sadə dillə izah edərək oxucunun mühakiməsinə buraxır: “...Tarixin hökmüylə baş verən bu hadisələr bir çox islam mədəniyyət abidələrinin, əlyazmalarının, digər mənəvi-mədəni sərvətlərin Sankt-Peterburq və Moskva elmi mərkəzlərində cəmləşməsinə və nəticə etibarilə Rusiya imperiyasının islam dünyasıyla həm siyasi-ideoloji, həm tarixi, həm də mənəvi-mədəni cəhətdən çulğaşmasına, rus mədəniyyətində, ictimai şüurunda müsəlmanlara, islam aləminə marağın kəskin artmasına, yeni elmi islamşünaslıq məktəbinin yaranmasına səbəb olur.” Zorakılığı qəbul etməyən İslama qarşı edilən zorakılığın bumeranq effekti yaratması nəticədə inam və etiqadın aliliyini təsbit edən müsəlmanlığın yayılmasına rəvac verir.
Quranın rus dilinə tərcüməsi də kitabda xronoloji aspektdə dəqiq tarixlərlə verilmişdir. Müəllifin təhlillərindən məlum olur ki, çoxlu sayda türk xalqlarını öz imperiyasının tərkibinə qatan rus imperatorları Allahın qanununun tərcüməsindən siyasi məqsədlər üçün istifadə etməyə çalışsalar da İslamın ilahi kəlamlarının şüurlara təlqininin qarşısını ala bilməmişlər.
Asif Hacılı araşdırdığı mövzunun mənbəyini dünyaca məşhur rus ədiblərinin yaradıcılığında axtarır və kitabdan göründüyü kimi o, sanballı faktlar əldə edir. Müəllif Lev Tolstoyun sufi kəlamlarına müraciətini, İslam irsinə yaradıcı yanaşmasını qeyd edərək yazıçının əsərlərindən müvafiq sitatlar gətirir:”Əgər sən müsəlmansan, get xristianlarla yaşa, əgər sən xristiansan-yəhudilərlə yaşa; əgər katoliksən-pravoslavlarla yaşa. Sənin dinin nə olursa olsun, digər din mənsublarıyla ünsiyyətdə ol. Əgər onların sözləri səni narazı etmirsə və sən onlarla sərbəst ünsiyyətdə ola bilirsənsə, sən sülhə nail olmusan”. A.Hacılı bütün insanların “bir müəllimin şagirdləri, bir atanın övladları, bir-birinə qardaş” olduğunu deyən Tolstoyun bu fikrinin Quran hikmətindən qaynaqlandığını bildirir:”Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!”.
Kitabın “Qədim dövr ədəbiyyatı”, “Qızıl dövr ədəbiyyatı”, “Gümüş dövr ədəbiyyatı”, “Sovet dövrü ədəbiyyatı” və “Müasir dövr ədəbiyyatı” bölmələrində mövzu üzrə hər dövrə aid cahanşümul əsərlər təhlil olunur, Quran kəlamlarından istifadənin mahiyyəti və səviyyəsi açıqlanır, rus ictimai zehniyyətinin inkişafında oynadığı rola işıq salınır. Oxucu “İslam Rusiyada” anlayışının tam mahiyyətini dərk edə bilir və zəngin informasiya alır.
Kitabın məziyyətlərindən biri də müasir dövrümüzdə Rusiya Federasiyasında İslama dair nəşr olunan qəzet və jurnallar, İslam nəşriyyatları, internet resursları, habelə bu sahədə keçirilən yaradıcılıq müsabiqələri və sairə haqda oxucuya məlumat verməsidir.
Bu maraqlı tədqiqat əsərinin başda sadə oxucular olmaqla həm ədəbiyyatçıların, həm də siyasətçilərin diqqətini cəlb edəcəyi, məncə, şübhəsizdir. Çünki, türk kimliyinin dərk olunması indiki zamanda təkcə ədəbi diskussiyalarda deyil, həm də siyasi strategiyada mühüm əhəmiyyətə malikdir. Türk gəncliyinə isə bu əsər , mən deyərdim ki, çox dəyərli töhfədir.
Kitaba ön sözü AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullayev yazmışdır. Məqaləmi də K.Abdullayevin “Ecazkar mənalar aləmi” adlanan “ön söz”ündən sitatla bitirirəm:”Avropalılar Şərq müdrikliyinin, islam möcüzəsinin sehrinə düşürlər, dünya fatehlərinin qəlbini islamın rəbbani ülviyyəti fəth edir. Hətta rus ordusunda müsəlmanlara qarşı döyüşlərdə iştirak edən bir çox ədiblər, şair və yazıçılar belə yeri və zamanı gəldikcə islam hikmətinə sığınırlar”.
 
                                                                                              Novruz Novruzov
11 noyabr2009, Bakı Strateji Araşdırmalar və Xəbərlər  Mərkəzi  / www.baksam.com