ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Tofiq Hüseynov

Xalq sənəti və müasirlik
 
 
         Bədii ədəbiyyatın əsas xüsusiyyətlərindən biri qədim qaynaqlardan gələn estetik ənənəvi, tarixi yaddaşı qoruyub saxlamasıdır. Hər bir kamil ədəbi əsərdə xalq sənətindən gələn əlamətlər, milli və bəşəri dəyərlər, ədəbi mənəvi anlayışlar əks olunur. Asif Hacıyevin “Müasir nəsrin poetikası. Mifoloji və folklor genezisi məsələləri” adlı monoqrafiyasında müasir nəsrin belə əzəli keyfiyyətləri araşdırılmışdır. Müəllif bu mürəkkəb mövzunu dərindən mənimsəmiş və müasir ədəbi prosesin mahiyyətini, ənənə və novatorluğun dialektikasını aça bilmişdir. Monoqrafiyada mif və folklorun müasir nəsrə təsiri yolları, poetik fikrə gətirdiyi özünəməxsusluq, yeni dövrdə fəallaşmış ənənəvi bədii vasitələr yüksək elmi səviyyədə təhlil olunmuşdur. Mifoloji kultların, folklor motivlərinin, dini ideyaların müasir poetik sistemdə rolu haqqında fikirlər xüsusi maraq doğurur. Bu anlayışların yalnız milliyə deyil, mədəniyyətlərin yaxınlaşmasına xidmət etdiyini göstərən müəllif söz sənətindəki ümumbəşəri, fəlsəfi cəhətlərə daha çox meyl etmişdir. Kitabın maraqlı hissələrindən biri müasir şifahi nəsrə aid olan bölümdür. Axısqa türklərinin folkloru əsasında yazılmış bu hissədə Asif Hacıyev xalq sənətinin indi də yaşadığını və bir çox məqamda ədəbiyyatla qovuşduğunu göstərir. Bu hissədə istifadə olunmuş materiallar müəllifin özünün uzun illər toplayıb nəşr etdirdiyi folklor nümunələrindən ibarətdir. Müəllif bu nümunələr əsasında müasir folklorun bədii özünəməxsusluğunu, janr tipologiyasını və ədəbiyyatla bağlılığını səciyyələndirməyə müyəssər olmuşdur.
         Monoqrafiyada folklor və ədəbiyyatın bir sıra nəzəri məsələləri özünün yeni nəzəri həllini tapmışdır. Bu baxımdan müəllif tərəfindən obraz və təhkiyə, süjet və kompozisiya, xronotop və janr kimi anlayışların yeni baxımdan təhlil olduğunu qeyd etmək istərdik. Bütövlükdə bədii əsərin quruluşu, əsəri yaradan məna qatları, xüsusən müəllif mövqeyi, janr məzmunu, zaman-məkan anlayışları haqqında fikirlər elmi orijinallığı və əhəmiyyəti ilə seçilir. Asif Hacıyev tutarlı dəlillərlə sübut edir ki, bədii əsərin məzmunu yalnız müəllif mövqeyi və təsvir obyektindın yaranmır. Janr ənənəsinin özü də fəal yaradcılıq amili, semantik anlayışdır. Müəllif münasibəti, təsvir olunan mühitlə yanaşı, janr formasının özü də müəyyən məna daşıyır. Yəni ədəbi ənənə yalnız üslubi tərəf deyil, həm də müəyyən məzmun daşıyan estetik yaddaşdır. Buna görə də monoqrafiyada hər bir poetik vasitə üç məna tutumunun – mühit, müəllif və janr məzmununun qovuşması kimi araşdırılır.
         Kitabda mifologizm və folklorizm məsələlərinin mahiyyəti, müasir ictimai-mədəni proseslərlə bağlılığı haqqında da maraqlı fikirlər verilmişdir. Müəllif müasir nəsrdə mif-folklor ənənəsinin fəallaşması səbəblərini, bunun ictimai proseslərlə bağlılığını dərindən şərh etmişdir. Bu ənənənin təsiri ilə bir çox keçmiş sovet xalqlarının müasir nəsrində xüsusi üslubi cərəyanın formalaşması, bu cərəyanın ortodoksal sosialist realizmin əks olması haqqında qənaət elmi əhəmiyyəti ilə razılıq doğurur.
         Tədqiqatdan görünür ki, müəllif müasir elmi nailiyyətlərə, bu mövzu ilə bağlı əsas mənbələrə yaxşı bələddir. Kitab təhlil olunmuş elmi və bədii materialın əhatəliliyi ilə seçilir.
         Əsərdəki mülahizələr bir çox xalqların ədəbiyyatından nümunələrlə təsdiqləndiyindən, nəzəri səviyyəyə yüksəlir. Müasir Azərbaycan, rus, özbək, qırğız, gürcü nasirlərinin əsərlərində həm eyni, həm də fərqli tərəflər ümumiləşdirilir. Bu əsərlərdə yeni nəzəri əsasda yanaşdığı üçün müəllif onlarda xeyli təzə, bu vaxta qədər tənqidi fikirdən yayınmış forma və məzmun keyfiyyətləri arayıb tapmışdır.
         Ç.Aytmatov, Y.Səmədoğlu, M.Süleymanlı, V.Rasputin, V.Makanin, T.Pulatov, T.Zülfüqarov kimi yazıçıların əsərlərinə münasibətdə söylədiyimiz cəhət xüsusilə qabarıqdır. Bu yazıçıların əsərləri haqqında birtərəfli, çox vaxt sosioloji münasibətləri təkzib edən müəllif onlardakı dərin bədii-fəlsəfi məzmunu, ideoloji amillərdən asılı olmayan, insan ruhunun əzəli və əbədi xüsusiyyətləri ilə bağlı motivləri önə çəkmişdir. Kitab bütövlükdə tarixi poetika məsələləri, xüsusən müasir ədəbiyyatın genetik poetikası üzrə ədəbiyyatşünaslığımızda yazılmış ilk nəzəri əsərlərdən biri kimi diqqəti cəlb edir. Monoqrafiyadakı mülahizə və ümumiləşdirmələr bədii-estetik fikrin inkişaf qanunauyğunluqlarının, ədəbiyyatda ənənə və varislik, millilik və bəşərilik problemlərinin, ümumən poetika məsələlərinin yeni nəzəri əsasda dərkinə xeyli kömək edəcək. Eyni zamanda, bu tədqiqat bütövlükdə müasir ədəbi prosesin, ayrı-ayrı əsərlərin düzgün tədqiqi üçün də əhəmiyyətli zəmin ola bilər. Ümumiyyətlə, nəzəri səviyyəsi ilə seçilən, gərgin elmi araşdırmaların bəhrəsi olan bu sanballı monoqrafiya ədəbiyyatşünaslığımızda özünəməxsus yer tutacaq.  
 
 
Tofiq Hüseynov
filologiya elmləri doktoru,
professor 
         (“Naxçıvan” 1 oktyabr 1997)