ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Elçin Əfəndiyev

Hacıyev Asif Abbas oğlunun “Epik folklor ənənəsi və 60-80-ci illər
Azərbaycan sovet nəsrinin poetika xüsusiyyətləri” mövzusunda

namizədlik dissertasiyası haqqında rəsmi opponent,
filologiya elmləri namizədi, Azərbaycan Yazıçılar İttifaqının katibi Elçin Əfəndiyevin

 Rəyi

          60 - 80-ci illər Azərbaycan sovet nəsrinin novator bədii keyfiyyətləri, orijinal poetikası bir sıra ədəbi-tənqidi əsərlərin mövzusu olmuş, tipoloji cəhətdən və ümumiyyətlə müxtəlif istiqamətlərdə öyrənilmişdir. Son illərdə milli sovet ədəbiyyatının qarşılıqlı yaxınlaşma dövründə, milli-bədii özünəməxsusluğun, bədii təkamülün tarixi qanunauyğunluqlarının təhlilinə ciddi ehtiyac yaranmışdır. Lakin təəssüf ki, bu dövr ədəbiyyatımızın poetikasını təhlil edən və onun elmi təsnifatını verən əsərlər cox azdır. Yanlış mülahizələr, milli ədəbiyyatların tarixi inkişafından, bədii özunəməxsusluğundan sərf-nəzər edən xüsusən tarixi etibariləcavan ədəbiyyatların “sıçrayışla”, “sürətlə” inkişafı haqqında səhv, qeyri-tarixi mülahizələr də sovet ədəbiyyatşünaslığında və ədəbi tənqidində ara-sıra özünü göstərir. Müasir Azərbaycan nəsri də tarixi poetika baxımından milli ədəbi prosesin, çoxəsrlik bədii təkamülün davamı, keyfiyyətcə yeni mərhələsi kimi hələ tədqiq olunmamışdır. Bu cəhət iki amillə - müasir ədəbiyyatın poetika sisteminin dinamikliyi və hələ tam qərarlaşmaması, digər tərəfdən isə tarixi poetikanın özünün müəyyən metodoloji qüsurları ilə bağlıdır. Buna görə də müasir Azərbaycan nəsrindəki bədii novatorluğun mənbəyi, yəni nə dərəcədə ənənə və ya ədəbi təsirlə şərtləndiyi hələ də ayrıca problem kimi istənilən səviyyədə öyrənilməmişdir.

         Asif Hacıyevin dissertasiyası məhz belə bir aktual problemə - epik folklor ənənsi və müasir Azərbaycan nəsrinin poetika baxımından tarixi varisliyinin, onun bu tarixi zəminlə şərtlənən bədii özünəməxsusluğun tədqiqinə həsr olunub. Azərbaycan epik folklor ənənəsinin və müasir nəsrimizin poetikası bu aspektdə belə əhatəli və sistemli şəkildə ilk dəfə tədqiq olunur. Dissertasiya məsələnin qoyuluşunun və tədqiq üsulunun yeniliyi, mülahizə və nəticələrin elmi əhəmiyyətliliyi ilə seçilir. Müəllif Azərbaycan və sovet, eləcə də başqa ölkə alimlərinin poetika məsələlərinə dair bir çox əsərlərini diqqətlə öyrənmiş, lakin bunların necə dəyərlər, mexaniki təsirinə düşməmiş, mürəkkəb bir mövzunu yeni şəkildə meydana çıxarmağa və orijinal həllini verməyə çalışmışdır.

         Əsərdə folklor və ədəbiyyatın münasibətinə ənənəvi tərzdə müstəqim tarixi ardıcıllıq, ədəbiyyatın təşəkkül və formalaşma dövrünə aid bağlılıq kimi yanaşılmır. Müəllif bəzən ədəbi tənqidin yanlış mövqeyini – folklorun müasir yazıçılar tərəfindən yeri gəldikcə istifadə olunan statik mənbə, zəmin hesab edilməsini də perspektivsiz hesab edir. Folklor ədəbiyyatın bütün inkişaf dövrlərində öz əhəmiyyətini saxlayan konseptual anlayış, müəyyən mərhələlərdə tarixi, sosial-mənəvi səbəblərlə bağlı zəifləyən və ya güclənən yaradıclıq amili, material yox, qavrayış üsulu, yaradıcılıq konsepsiyası kimi təfsir edilir. A.Hacıyev insan konsepsiyası, süjet və kompozisiya, bədii zaman və məkan anlayışlarını məhz bu baxımdan təhlil edərək, onların epik folklor ənənəsindəki tarixi inkişafının ən qabarıq cəhətlərini, inkişaf perspektivlərini və bu tarixi zəmində müasir nərsin poetikasındakı novasiyaları tədqiq edir.

         Dissertasiya geniş faktik material əsasında yazılmışdır. Diqqəti cəlb edən budur ki, müəllif milli ədəbi prosesi səciyyələndirən əsərlər üzərində diqqətini cəmləşdirə bilmişdir, nəzəri problemin sinxronik – tipoloji aspekti ön plana çıxanda konkret bir əsər əsasında “dərininə”, tarixi - müqayisəli şərhdə isə ayrı-ayrı yazıçıların yaradıcılığı əsasında “eninə tədqiqat aparmağa çalışmışdır.

         Ümumiyyətlə, dissertasiyada nəzərə çarpan cəhətlərdən biri tədqiq metodunun və əsərin strukturunun məntiqliyi və yeniliyidir. Əsərdə tarixi təfsir üzvi şəkildə sinxronik təhlillə əlaqələndirilir. Nəzərdən keçirilən faktlar və problemlər bir-biri ilə bağlı və bədii təkamül prosesində şərh olunur. Buna görə də, yalnız nəzərdən keçirilən konkret problemlərin yox, bütövlükdə bədii sistemin əsas inkişaf meylləri və özünəməxsusluğu haqqında təsəvvür yaranır. Əsərdə bir sıra tiploji müqayisə və müşahidələr də var. Bilavasitə tədqiq obyekti olmayan bu müqayisələr, aşkara çıxarılan uyğunluqlar əsərin ümumi-nəzəri əhəmiyyətini artırır. Belə tədqiq üsulu bədii inkişafa daxil olan əsas cəhətləri ön plana çəkməyə, poetik sistemi dinamik vəziyyətdə öyrənməyə imkan verir.

         Əsərin quruluşu da razılıq doğurur. Əvvəlcə hər bir poetik anlayışın tarixi mənşəyi və formalaşması haqqında müəyyən tarixi-filoloji ekskurs verilir. Bu mülahizələrində cavan tədqiqatçı mövcud fikirləri təkrar etməyərək müstəqil tədqiqat apamağa çalışır, orijinal nəticələrə gəlir.

         Ədəbiyyatın başlıca mövzusu insandır və onun bədii təsviri müxtəlif xalqlar ədəbiyyatında öz spesifik cəhətləriylə seçilir. Dissertasiyanın da birinci fəslində müasir Azərbaycan nəsrində insan obrazı və personajlar sistemində epik ənənədən nəşət edən özünəməxsus cəhətlər tədqiq olunur. Müəllif göstərir ki, sosial münasibətlərin insanın cəmiyyətdəki mövqeyinin dəyişdiyi, məsuliyyətinin artdığı elmi-tərəqqi, kütləvi kommunikasiyalar və total standartlaşma dövründə ənənəvi mənəvi-etik prinsiplərin, milli əxlaqi-psixiloji keyfiyyətlərin əhəmiyyəti və onlara maraq artmışdır. Bu cəhət bədii ədəbiyyatda da izlənilir, tərəqqi sürətləndikcə, ictimai münasibətlər mürəkkəbləşdikcə ənənənin rolu zəifləmir, əksinə müasir ədəbiyyatı şəxsiyyətin fərdiliyini daha qabarıq nəzərə çarpdıran cəhətlərlə zənginləşdirir.

         Dissertasiyada son illərdə ədəbiyyatşünaslığımızda geniş tədqiq olunan bir məsələyə - intibah humanizmi məsələsinə toxunulur. İki əks meylə - bir tərəfdən, şəxsiyyətin bədii təsvirində dərin psixologizmin, analitikliyin və fərdiləşdirmənin yalnız Avropa İntibahı ilə bağlanmasına, digər tərəfdən isə süni şəkildə Şərq milli mədəniyyətlərində Avropaya xas inkişaf mərhələlərinin və tipoloji qəliblərin axtarılmasına mənfi münasibət bildirilir. Bu mülahizələrdəki bəzi mübahisəli cəhətlərə baxmayaraq, epik ənənəmizdə insan konsepsiyasının, tale motivinin inkişafının milli-genetik, mədəni-tiploji özünəməxsusluğu haqqında müddəalar maraq doğurur. Epik ənənəmizdə insan təsvirinin təkamülü, “Kitabi Dədə Qorqud”dan “Koroğlu”ya  və sonrakı mətnlərə doğru psixologizmin inkişafı və bu zəmində milli nəsrimizin təşəkkülü və formalaşması elmi dəlillər, analitik müşahidələrlə əsaslandırılmış tarixi-poetik təhlillə göstərilir.       

         Diqqəti cəlb edən yeni cəhətlərdən biri də insan obrazının, eləcə də süjet və kompozisiyanın müəlliflik konsepsiyası, yaradıcılıq prosesi ilə əlaqəli tədqiq olunmasıdır. Folklorda müasir anlamda müəllifliyin olmaması və bunun insan təsvirinə təsiri, ümumiyyətlə, folklorda müəlliflik haqqında bəzi səhv mülahizələrin tənqidi, o cümlədən Dədə Qorqudun ədəbi şəxsiyyət yox, mifik obraz olması barədə mülahizələr maraq doğurur. Gənc tədqiqatçının epik foklor ənənəsində müşahidə etdiyi inkişaf meyllərinə klassik ədəbiyyatda Nizami, Füzuli, Əmani, Vəli Ərəşi və b. yaradıcılığında paralellər axtarması və tapması da təqdirəlayiqdir.

         Epik folklor poetikasına xas cəhətlərin müasir nəsrdə təsviri vasitələrində təzahürü bir neçə istiqamətdə tədqiq olunur.

         Bu təsir, müəllifin fikrincə, 60-cı illərdən başlayaraq, Azərbaycan nəsrində dramatik taleyin, mürəkkəb mənəviyyatlı epik xarakterlərin ön plana çıxmasına, romantik tipikləşdirmənin güclənməsinə səbəb olmuş, ədəbi portret təsvirində, personajların qruplaşdırılması və onların həyat mövqeyinin ifadəsi vasitələrində özünü göstərmişdir.

         Dissertasiyada epik idealaşdırma və romantik tipikləşdirmə məsələləri üzərində geniş dayanılmışdır. Müəllif belə bir problematik-mübahisəli mülahizə yürüdür ki, bir sıra müasir Azərbaycan yazıçılarının əsərində mənşəcə klassik romantizm ənənələrilə, folklora xas olan romantika ilə bağlı obrazlılıq və tipikləşdirmə, qeyri-prinsipial, əxlaqi-psixoloji səciyyəli romantik dualizm nümunələri vardır. Müəllifin bu müddəaları yeniliyi ilə seçilir və elə bilirik ki, sosialist realizmi ədəbi metodunun yeni məzmunlu tədqiqi baxımından xeyirli iş görür.

         Müəllifin ənənəvi vasitələrin konfliktin həllində, obrazların xarakterində milliliyə təsirini də tədqiq edir, ayrı-ayrı əsərlərə istinadın epik və romantik obrazlılıqdan, mifoloji-simvolik qavrayış ə təsvirdən, realist-romantik, bəzi hallarda isə komik folklor tiplərinin ön plana çıxması hadisəsindən bəhs edir. Ümumiyyətlə, müasir ədəbi proses əsərdədiqqətlə təhlil olunur, nəzəri-tipoloji cəhətdən maraqlı ola biləcək oriinal nəticələr alınır.

         Dissertasiyanın ikinci fəslində süjet və kompozisiya məsələləri tədqiq olunur. Məlumdur ki, mövcud ədəbiyyatda süjet analogiyaları üç amillə – genetik bağlılıqla, miqrasiya və mənimsəmələrlə və tarixi-tipoloji səbəblərlə izah edilir. Yaxşı haldır ki, gənc tədqiqatçı bu mürəkkəb problemə yeni gözlə baxıb. O, süjet-kompozisiya prinsiplərinin ənənəviliyini və oxşarlığını ilk növbədə onların öz mahiyyəti və epik yaradıcılıq prosesinin sosial-psixoloji funksiyaları ilə bağlı mətndənkənar amillərlə izah edir. Dissertasiyada belə bir maraqlı mülahizə yürüdülür ki, epik süjet yalnız müəyyən məlumatın qorunması və ötürülməsi vasitəsi, xalqın “tarixi yaddaşı” (V.M.Jirmunski) yox, gerçəkliyi dərketmə vasitəsidir, kollektivin dünyaya fəlsəfi-estetik, mənəvi münasibətinin ifadəsidir, sosial davranış formalarının tənzimləyicisidir. Müəllif mülahizələr əsasında belə bir qənaətə gəlir ki, ifa – yaradıcılıq prosesində aşkar olunan bütün bu funksiyaların gerçəkləşməsi üçün, bir tərəfdən süjetin kollektivə tanış quruluşunun ənənəviliyi tələb olunarsa, digər tərəfdən də, bunlar süjetin milliliyini təmin edir. Bu nəzəri-tiploji təhlil və tarixi-müqayisəli araşdırma əsasında müəllif türkdilli eposda vahid hadisələri baş qəhərmanlar ətrafında cəmləşdirən süjet tipinin əsas yer tutduğunu göstərir. “Koroğlu”nun, digər əsərlərin morfoloji strukturunun təhlili nəticəsində bu tipin başqa eposlardan, o cümlədən hind-ərəb eposlarından fərqi izlənilir.

         Müəllif göstərir ki, müasir nəsrdə analitik psixologizmin, simvolik obrazlılığın, metaforikliyin, mətnaltı mündəricə və ikinci planın, təhkiyənin informativliyinin güclənməsi heç də epik növün başlıca keyfiyyətlərindən olan süjetin, milli süjet tipinin rolunu zəiflətməmişdir. A.Hacıyev müasir nəsrdə subyektiv amilin, müəllif obrazının rolunun artmasını da lirikliyin yox, əksinə epikliyin dərinləşməsinə, yəni əsərin obyektiv gerçəklik, epik reallıq, “olmuş hadisə” kimi qavranılmasına səbəb olduğunu söyləyir. Göründüyü kimi, bu məsələ barəsində mübahisə etmək olar. Müəllif müasir yazıçıların folklor süjetlərindən müstəqim istifadəsindəki üsulları təhlil edir, “dərk olunmamış” folklorizm elementləri, tarixi varislikdə bu faktların, folklordan birbaşa istifadənin fərqini və tənasübünü açır. Sovet nəsrində mifdən, simvolik qavrayış üsulundan istifadənin ekzistensional intellektualizmdən, digər mifopoetik cərəyanlardan fərqi də diqqətlə təhlil olunur. Bununla yanaşı, süjet və kompozisiya quruluşundakı bir çox nöqsanlar, eyni zamanda bəzi əsərlərdə folklora, milli ədəbi irsə qeyri-tarixi, saxta vətənpərvər münasibətlər də inandırıcı tənqid olunur.

         Dissertasiyanın üçüncü fəsli poetikanın son dərəcə maraqlı və çox az öyənilmiş bir məsələsinə – bədii zaman və məkan probleminə həsr olunmuşdur. Diqqəti cəlb edən budur ki, Azərbaycan ədəbiyyatşünaslığında bu məsələlər az öyrənilmiş olsa da, müəllifin məlum nəzəri əsərlərin, sabitləşmiş konsepsiyaların təsirinə düşməyərək, nəinki milli poetikanın özünəməxsusluğuna uyğun müstəqil tədqiqat aparmağa, eyni zamanda bir sıra ümumnəzəri mülahizələr də söyləməyə nail olmuşdur. A.Hacıyev bədii zaman haqqında mövcud mülahizələri şərh edərək, onun orijinal təsnifini – kompozisiya zamanı, süjet zamanı və fabula-hadisəvi zaman anlayışlarını irəli sürür, epik, lirik və dramatik növdə, təhkiyə, bədii təsvir, dilaloq və s.-də bunların tənasübünü göstərir. Türk mifologiyasında zaman və məkan konsepsiyalarının səciyyəsi və mənşəyi, onların şamanist Dünya ağacı ilə bağlılığı, arxetipik semantik eksliklərdən (ölüm-həyat, xeyir-şər və s.) nəşət etməsi, tale, ölüm, zaman haqqında təsəvvürlərin inkişafı haqqında mmülahizələr, əsatiri məkanın, türk abidələrində rast gəlinən ön-arxa, sağ-sol konsepsiyalarının, sufi məkansızlıq konsepsiyasının mifoloji mənşəyinin, ənənəvi epitafiya formullarının təhlili və izahı ciddi elmi axtarışların bəhrəsidir. Bu nəzəri-tipoloji şərh və tarixi-filoloji ekskursdan sonra müəllif epik-folklor poetikası və müasir nəsrdə bədii zaman-məkanın (xronotopun) geniş təhlilini verir. Folklor mətnlərinin, bir sıra müasir əsərlərin poetik təhlili nəticəsində müəllif ciddi nəzəri nəticələrə gəlir. Müasir bədii təfəkkürdə qədim mifik qavrayış elementlərinin, sinkretik zaman qavrayışı, orijinal məkan münasibətlərinin təzahürü, bu formal elementlərin əsərlərin məzmunu ilə daxili bağlılığı, estetik-psixoloji təsir gücü haqqında mülahizələr, konkret faktların orijinal təhlili ciddi maraq oyadır.

         Yaxşı haldır ki, A.Hacıyev bədii strukturda baş verən dəyişiklikləri, əsərlərin formasındakı novator cəhətləri yalnız immanent bədii amillərlə yox, ilk növbədə bədii məzmunun, bədii təhlil predmetinin mürəkkəbləşməsi, ictimai şüurun inkişafı ilə izah edir.
         Dissertasiya həm tarixi poetikanın ümumi məsələlərinin, həm də ayrılıqda insan konsepsiyası və personajlar sistemi, süjet və kompozisiya, bədii zaman və məkan problemlərinin nəzəri-tarixi tədqiqində əhəmiyyətli ola biləcək bir sıra orijinal müddəalarla zəngindir. Bundan başqa, dissertasiya ədəbiyyatda ənənə və novatorluq, millilik və beynəlmilləllik tədqiqi ilə də nəzəri cəlb edir.

        Dissertasiya güclü polemik ruhla yazılmışdır. Bütövlükdə əsər çoxmillətli sovet ədəbiyyatının təkamülü, o cümlədən folklorun təsiri ilə yeni yaranmış ədəbiyyatların özünəməxsus inkişafının tədqiqində, xüsusilə bu məsələlər haqqında yabançı konsepsiyaların tənqidində effektlə istifadə oluna biləcək bir məxz səviyyəsindədir.

          Bununla belə bəzi arzularımızı müəllifə bildirmək istəyirik:
          1.Dissertasiyanın bir sıra səhifələrində müəllifin nəzəri hazırlığı konkret 
ədəbi təhlili üstələyir 
      2.Bəzi əsərlərin, xüsusən yaşlı nəslə mənsub yazıçıların əsərlərinin təhlili
ayrı-ayrı hallarda təsviri xarakter daşıyır.
        3.Dissertasiyada müasir bədii təsərrüfatla bağlı təsdiqedici pafos güclüdür və müəllifin təhlili, qiyməti də inandırıcıdır. Lakin müasir əsərlərlə bağlı tənqidi mülahizələr azdır. Halbuki 60 – 80-ci illərdə dissertasiyadakı düzgün elmi-nəzəri tələbata cavab verməyən əsərlər az yazılmamışdır.

        Əsərdən ali məktəblərdə nəzəri, tarixi kursların, sovet ədəbiyyatının, folklorun tədrisində istifadə etmək olar.

       Nəhayət, qeyd etmək lazımdır ki, müəllif mövzuya aid maraqlı kitab çap etdirmiş, elmi konfranslarda, mətbuatda çıxış etmişdir. Avtoreferat dissertasiyanın məzmununa uyğun yazılmışdır.

          Müasir sovet ədəbiyyatşünaslığının artmış tələblərinə cavab verən, müstəqil və orijinal təhlil, yeni elmi dəlil və faktlarla diqqəti cəlb edən bu nəzəri əsərə görə müəllifə filologiya elmləri namizədi alimlik dərəcəsi adını vermək olar.


ELÇİN
 1987