ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Nizami Tağısoy

Nizami Tağısoy
 
Ənənənin novatorcasına davamı və ya
“Seçimin morfologiyası”nın tənqid hüdudları
 
// “525-ci qəzet”, 19 yanvar 2011
 
Bu yaxınlarda filologiya elmləri doktoru, professor Asif Hacılının “Kamal Abdulla: “seçimin morfologiyası” kitabı işıq üzü gördü. Kitab orijinal Azərbaycan yazıçısı Kamal Abdulla yaradıcılığının müxtəlif tərəflərinin (janr, üslub, məzmun, ideya, struktur, kompozisiya və s., bir sözlə, poetikasının) təhlilinə həsr olunub. Kamal Abdulla kimi polifonik, çoxşaxəli, çoxqatlı, müxtəlif problematikaları özünəməxsus rakursdan işıqlandıran bir yazıçının yaradıcılığına müxtəlif prizmalardan yanaşmanı əks etdirən bu kitab onun müəllifinin olduqca məsuliyyətli bir işin öhdəsindən gəldiyini sübut edir. Oxucular yaxşı bilirlər ki, ötən əsrin son onilliyi – XXI əsrin bu illəri ərzində Kamal Abdulla yaradıcılıq ampluasını daim dərinləşdirmə və genişləndirmə, gözlənilməz süjetqurma ustası, məlum mövzunun spesifik izahı, mürəkkəb altmənaları özündə ehtiva edən yaradıcılıq yolu ilə irəliləməkdə təkrarsızdır. İlk baxışda əsərlərində indiyə qədər mövcud mifoloji, epik, folklor mətnlərinə müraciət edən Kamal Abdulla elə bir təqdimat və süjetqurmadan istifadə edir ki, əsər, bir tərəfdən, müvafiq mətnlərin (mifoloji, epik, folklor) nüvəsinə bağlanırsa, digər tərəfdən, onun yeni çoxşaxəli problematika ilə yüklənmiş qol-budaqları ortaya qoyulur. Lakin oxucu onun əsərləri ilə tanış olduqca bu qol-budaqlar özü yeni nüvə təşkil edərək dominantaya çevrilir. Prof. A.Hacılı təqdim etdiyi kitabda K.Abdullanın əsərlərinin məhz bu tipli dominantasına diqqət yönəltməyi ön plana çəkməyə müvəffəq olur. Kitabı oxuduqca, bir tərəfdən, Kamal Abdulla nəsrinin fenomenal təfəkkür və təxəyyüldən qaynaq aldığına heyran qalırsansa, digər tərəfdən, A.Hacılının bədii mətni incələyərək tənqid və analitik təhlil qabiliyyətinin yüksəkliyinə vurulursan.
Kamal Abdulla dilçi alim kimi böyük ad, san sahibi olsa da, onun bədii yaradıcılıq və ədəbi tənqid sahəsində qazandığı uğurlar da yetərincədir. Elə buna görə də Kamal Abdulla yaradıcılığına nəzər salarkən tənqidçi onun bu sahələrdəki uğurlarını səriştəli mütəxəssis kimi təhlil etməyə ehtiyac duyur. Ədəbi tənqid, xüsusən A. Hacılı elə buna görə Kamal Abdullanın bədii “məhsullar”ının məziyyətlərini sağdan-sola, soldan-sağa, yuxarıdan aşağı, aşağıdan yuxarı, üfüqi və şaquli, bir sözlə, müxtəlif yönümlərdən öyrənməyə üstünlük verir.
Kamal Abdulla bədii nəsri, dramaturgiyası, onun dillə bağlı görüşləri və konseptual baxışları haqda çox yazılıb, çox deyilib. Bəlkə də son onillikdə Azərbaycan bədii tənqidində əsərləri ən çox araşdırma predmetinə çevrilmiş nasirlərdən biri Kamal Abdulladır. Belə münasibət, fikrimizcə, yazıçının qeyri-ordinar yaradıcılıq laboratoriyasında aparılmış “reaksiyalarla” bağlıdır.
Təhlil zamanı A.Hacılı uğurlu incələmə yolu ilə gedib. Kamal Abdulla elmi və bədii nəsr yaradıcılığının əsasını mifoloji epik və folklor mətnlərinin indiyə qədər araşdırmalara cəlb olunmamış və digər diqqət yetirilməmiş məqamları təşkil edirsə, A.Hacılının da yaradıcılıq bazasını mifologiya və folklor təşkil edir. “Kamal Adulla: seçimin morfologiyası” kitabını oxuduqca düşüncəmizdə sanki bir müəyyənlik, tamlıq və bütövlük hasil olur. Kitaba başlıqlar Kamal Abdulladan edilmiş iqtibaslarla zənginləşdirmə ilə seçilir: “İşığa uzanan nisgil...”, “Yarımçıq əlyazma” və ya “Natamamlığın tamlığı”, “Ruh gözün baxdığı yerdə” və s.
Kamal Abdullanın yaradıcılığını süzgəcdən keçirən tənqidçi haqlı olaraq onun təfəkkürünün orijinallığını ənənəvi həd və sərhədlərdən maraqlı şəkildə kənara çıxmalarda və yazıçının bu kənara çıxmaları qeyri-adi təsvir və təsirlərlə formalaşdırmasını vurğulayır. Bizə elə gəlir ki, Kamal Abdulla nəsri, hər şeydən öncə, bu yaradıcılıqda əksini tapmış semantik komponentlərin keyfiyyət və kəmiyyət tərkibindəki rəngarəngliklə bağlıdır. Kamal Abdullanın hansı əsərini götürsək oradakı leksik mikrosistemin (mikromətnin) yaşadığını və əksər hallarda onların məhz bu sənətkara məxsus olduğunun şahidi olarıq. Buna görə də Kamal Abdullanın istifadə etdiyi leksik vahidlərin mənası sırf fərdi-bədii xarakter daşıdığında israrlıyıq: “Dəvə yağışı nəhayət ki, kəsdi. Qəfəsdəki şirlər az qala ağızlarının suyu axa-axa “Maqnus-180”lərdən quzu kimi aşağı hoppanan dəvələrə baxır, ürəklərində gülməklərini güclə saxlayırdılar. Doğrudan da, dəvələri ovsunçular nəhayət ki, bir təhər ovsunlayıb gətirib yığırdılar heyvanxananın qabağına”.
Kamal Abdulla nəsrində sözün fərdi-bədii mahiyyəti aktuallaşmış bir sıra kontekstual məkanların cəmi kimi çıxış edir. Bu isə öz növbəsində əsərin ideya-mövzu və kompozisiya inkişafının realizasiyası ilə birbaşa bağlı olur.
Kamal Abdulla nəsrində cümlələrin strukturu onun bədii mətninin sintaksisinin daim fəaliyyətdə olan faktorları kimi çıxış etməklə, əsərin ümumi təhkiyə fonunu saxlamağa istiqamətlənib. Kamal Abdulla nəsrindəki sintaktik, üslubi priyomlar (fiqurlar) bu nöqteyi-nəzərdən bütün kontekstin təşkili üçün olduqca əhəmiyyətlidir. Məlum olduğu kimi, bədii əsərdə dilin sintaktik təşkilinin xüsusi priyomu sözün cümlələrdə, yaxud onun tərkibində düzülüşü mühüm rol oynayır. Sənətkar tərəfindən müxtəlif məqamlarda işlənən paralelizm, ellips, inversiya, müxtəlif növlü təkrirlər kifayət qədər rəngarəng şəkildə istifadə olunur. Sənətkar üçün əsərlərində mühüm olan əsas sintaktik-üslubi fiqurların başlıca funksiyası vahid söz və söz birləşmələrini ön plana çıxarmaqla bağlıdır. Təbii ki, sözlərin (“Son gəliş”, “Dəvə yağışı” və s. hekayələrdə) mövqe dəyişiklikləri həm də intonasiya və ritmik dəyişikliklərə gətirib çıxarır. Buna görə də Kamal Abdulla nəsrində inversiya, təkrar, xüsusiləşmənin köməyilə ön plana çıxarılan söz, yaxud söz birləşməsi öz sintaktik, leksik və qrammatik funksiyasını dəyişsə də, xüsusi vurğu ilə əks olunmaqla əlavə məna və emosional əhəmiyyət kəsb edir. Beləliklə, Kamal Abdulla nəsrinin ideya-məzmun və struktur-kompozisiya xarakteristikası, janrın özünün mətn paradiqması, hər bir müvafiq janrdakı ayrı-ayrılıqda mətni isə bu paradiqmanı təşkil edən kimi nəzərdən keçirməyə imkan verir. Hər bir mətn hər hansı kommunikativ situasiyanın məhsulu olduğundan qeyri-üslubi paradiqma mətnləri funksional məxsusluğuna görə birləşdirir. Məhz bu cəhətinə görə də fərdi müəllif paradiqması Kamal Abdullanın əksər əsərlərinin mahiyyətində oturur. Onun özünəməxsus arxisemasının əlaməti əsərlərinin strukturunda realizə etdiyi yaradıılıq metodu ilə bağlıdır. Bu fərdi yaradıcılıq paradiqmasında onun təhkiyəsinin lakonikliyi və dialoji ustalığı durur, eyni zamanda bu sənətkarın əsərlərində özünəməxsus peyzaj və portret xarakteristikası son dərəcə orijinal və diqqətçəkəndir.
Kamal Abdulla bədii mətninin struktur məkanı o qədər zəngin və mütəhərrikdir ki, o sanki müasir dünyanın struktur məkanının modelinə çevrilir və mətn daxilindəki elementlərin daxili sintaqmatikası məkan modelləşdirməsinin dili kimi çıxış edir. Məkan münasibətlərinin dili (məsələn, “Yarımçıq əlyazma” romanında, “Qərar”, “Son gəliş”, “Xaron, mərhəmətli Xaron” və s. hekayələrində) mətn daxilindəki elementlərin daxili sintaqmatikası kimi fəaliyyət göstərir. Kamal Abdulla nəsrində süjetin gedişi hadisələrin cəmi anlayışını əks etdirdiyi halda, hadisənin özü personajların semantik sahə hədlərinin yerdəyişməsinə gətirib çıxarır və buna görə də Kamal Abdulla nəsrində struktur prinsip kimi süjetqurma mühüm rol oynayır. Bununla belə Kamal Abdulla nəsrində süjetqurmanın mühüm vahidi olan “hadisə” önəmli yer tutur. Burada süjet vahidi kimi çıxış edən “hadisə” nəinki “sintaqmatik kompozisiya”da özünü bariz şəkildə əks etdirir, nəinki onun təsvirini müəyyənləşdirir, həm də reallığın semantik uyğunluğu ilə “hadisə” olması üçün şərait yaradır.
Kamal Abdulla nəsrində məkan modeli “türk dünya mənzərəsi”nin qurulması üçün əsas təşkili başlanğıca çevrilir. Bu baxımdan Kamal Abdullanın müasir süjet mətnində iki aspekt çıxış edir. Onlardan birini mətni modelləşdirən universumu mifoloji, ikinci gerçəkliyin hər hansı epizodunu əks etdirəni isə fabula adlandırmaq olar.Fabula prinsipi ilə qurulmuş bədii mətnləri reallığın hansısa hissəsi ilə vermək mümkün deyildir, çünki onlar mütləq universal xarakterli model yaradır, daha doğrusu, gerçəkliyin özünü mifologiyalaşdırır. Bu vəziyyət “mif”, daha doğrusu, “mifologizm” haqqında, “şüurun xüsusi fenomeni” haqqında təsəvvürləri tarixəqədərki mərhələ kimi, “tipoloji” universal hadisə olub türk övladının mədəni inkişaf yolu kimi, müasir məntiqi və deskriptiv tip kimi tarixi yox, müasir şüurumuza paralel olaraq götürmək olar.
Kamal Abdulla istedad sahibi kimi idealına uyğun olaraq əşya və hadisələri öz fərdi münasibətinə görə yenidən canlandırır, özünün ətraf aləmə, dövrünə, xalqına,onun dəyərlərinə münasibətindən asılı olaraq, öz istədiyi təfsilatlara sadiq qalaraq, gerçəkliyin rəng və rəngarəngliyinə münasibət bildirməklə təsvir edir.
Əsərlərindən göründüyü kimi istedadlı yazıçı daim həyatla razılaşdığı halda gerçəkliklə mübarizədə olur. Biz bunu Kamal Abdullanın “Yarımçıq əlyazma” romanında daha yaxşı görürük. Çünki sənətkar yaradıcılığında həyat öz yalan rənglərindən kənarlaşıb oxucunun gözü qarşısında bütün çılpaqlığı ilə canlanır. Buna görə Kamal Abdulla qələmi patetik gözəlliyi, vurğunluğu, özündən müştəbehliyi tərənnüm edib, quru bəsit, kasıb və ölgün nəsr nümunəsi təsiri bağışlamır. Onun əsərlərində sadəcə olaraq dünyaya baxış və onun sirlərinin açılmamış qatlarına varmaq cəhdi, kədərli xəyalpərəstlik hissləri, onun minnətdarlıq himni, yaxud alovlu sevinc difirambı yoxdur.
Kamal Abdulla nə ideal obraz, nə də ideal qəhrəman axtarışında deyil. O, məlum fakt, hadisə və obrazları orijinal şəkildə incələmək (bəlkə də heç vaxt eyndən belə keçməyən şəkildə və üsullarla) təsvir etmək ustasıdır. Ona ilham verən (bəlkə də dinc buraxmayan) onun fəlsəfi –ədəbi-estetik fikir və duyğularıdır. Operada musiqi üçün sözlər yazılıb, süjet fikirləşilib tapıldığı kimi, o öz iradəsinin fantaziyasına görə fikirləri üçün forma ifadəsi tapmağa çalışır. Belə olduqda onun qarşısında gerçək dünya ilə təsəvvür olunan dünya sanki qarşılaşaraq açıqdır. Təfəkkür və fikir dünyasının əlçatmaz, ünyetməz ənginlikləri keçmiş (“Gizli Dədə Qorqud”, “Yarımçıq əlyazma”,”Son gəliş”, “Xaron, mərhəmətli Xaron”, “Gülü qah-qah xanımın nağılı”) və indiki (“Yarımçıq əlyazma”, “Dəvə yağışı”) və hətta gələcək zaman arasında əlaqələr tarixlə rəvayəti, faktla əfsanəni bir-birinə elə ciddi şəkildə bağlayır ki, bəzən onları bir-birindən təcrid edib differensisiya etməkdə çətinlik çəkirik.
Kamal Abdulla nəsrində fantastika, folklor və mifoloji obrazlarla real obrazlar arasında yaradıcı harmoniya mövcuddur, lakin bu harmoniyanı duymaq, görmək və ona vurulmaq yalnız diqqətli oxucu üçün aydındır. Belə olduğu halda bəlkə Kamal Abdullanın nəsr texnologiyası tamamilə fərqli struktur, süjetqurma, arxitektonik üsullara, məzmun və mahiyyətə vara bilmə səriştəsi ilə əlaqədardır?!
Kamal Abdulla nəsrinin (həm hekayələrinin, həm romanlarının) ölçüsü, hədləri sonsuzluq qədər nəhayətsizdir. Bununla belə oxucunun bu hədsiz aləmə marağı, nəinki bu əsərlərdəki (xüsusən “Yarımçıq əlyazma” romanında və “Dəvə yağışı” hekayəsində və s.) bütövlə,həm də onun ayrı-ayrı hissələrindəki yarımçığın tamlığı ilə diqqət çəkir və əsərə diqqətin konsentrasiyasını tələb edir, bu hissələrdə təfsilatın özü olmasa da, oxucu fikrinin haçalaşması və onun özünün bu və ya digər hal ilə bağlı təsəvvürlər irəli sürməsi üçün əsas verir. Beləliklə, Kamal Abdullanın adını çəkdiyimiz romanının forma, şərait, süjet xətti və məzmun xüsusiyyətləri ictimai həyatın ictimai şüurla əlaqəli gizli məqamlarını açmaq üçün əlavə fikir və stimul verir. Kamal Abdulla nəsrində müasir həyatla keşmiş (uzaq, yaxın, mifoloji, epik zaman, folklor, klassik dövr) son dərəcə rəngarəng və mürəkkəb qatlıdır. Sənətkar da onların öz yazıçı təxəyyülünün gücü ilə nəsrdə əks olunmasına çalışır. Kamal Abdulla nəsrində etnos, cəmiyyət, insan, obraz, personaj üzərində fəlsəfi müşahidələrlə yanaşı, həm də bəzən sarkastik gülüş var. Onlar keçici, çevik və dərin olmaqla, bir dövrdən digər bir dövrə adlayır, milli tariximizin müasir xırdalıqlarına nüfuz edir, kimliyimiz və necəliyimiz üzərində bizi düşünməyə sövq edir.
Kamal Abdullanın müəllif fərdiliyinin orijinallığı onun ətraf aləmə hansı gözlə, milli “mən”imizə baxışı, bu orijinallığı daxili narahatlığı və hadisələr burulğanındakı təlatümlərlə bağlaya bilməsi ilə maraqlıdır. Kamal Abdulla üçün bədiilik ilk növbədə təsvir etdiyini canlı və dolğun təqdim edə bilmək istəyindən irəli gəlir.
Obyektivlik Kamal Abdulla yaradıcılığının zəruri şərti olmaqla, bütün qeyri-praqmatik məqsədləri inkar edir. Həyatın mənfi hadisələrini nəzərə alan və təsvir edən yazıçı qrotesk, satira, sarkazm və ironiyanı əsərlərinin (məsələn,”Gülü qah-qah xanımın nağılı”) məzmununa üzvü surətdə daxil edə bilir və orijinal bədii mətn ortaya qoyur.
Türk epik (“Kitabi-Dədə Qorqud”) və klassik dövr (Şah İsmayıl Xətai) yaradıcılığına müraciət edən yazıçı, bir tərəfdən, qədim dövr dünya dərkini qədim formadan istifadə ilə ifadə edirsə, digər tərəfdən, o, qədim dövrə yeni təfəkkür bucağından, üçüncü bir tərəfdən isə tarixiliyi romanda yetərincə işıqlandırmaq və bu günlə bağlamaq baxımından müraciət edir.
Əlbəttə, Kamal Abdulla yaradıcılığında roman müasir dövr çağdaş bəşər övladının epos duyumu, müasir həyatın əksi kimi yox, romanın özü qədim eposun özünəməxsus fərdi şəkildə dərk olunması ilə bağlı olmalıdır. Deməli, epos nə isə daha böyük bir şeydir və o türk xalqlarının “Kitabi-Dədə Qorqud” yaradıcılığında özünü yetərincə ifadə edə bilmişdir. Bu da məlumdur ki, “Kitabi-Dədə Qorqud” dövründən Kamal Abdullaya qədər epos müxtəlif şəkillərə salınsa da, yazıçı eposun ontoloji məzmununa yeni əsaslı təzə tərliyi qaytarır. Kamal Abdulla bədii yaradıcılığı mahiyyətinə görə daim əşya və obrazların traktovkasına münasibətdə sərbəstdir. Onu süjet qurmağa heç kim və heç nə (öz fərdi təxəyyülü deyilsə) istiqamətləndirmir. O, bütün bunlara yalnız öz istedadlı naturası, instinkti və cəhdləri ilə nail ola bilir. Kamal Abdulla təsvir predmetinə çevirdiyi obyektdə (bəziləri tərəfindən bu adekvat dərk olunmasa da) xüsusi və təsadüfləri yox, ümumi və zəruriləri ifadə etməklə, dövrün koloritli və obyektiv mənzərəsini yaratmağa çalışır.
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanında biz maraqlı bədii təsirlənmə, yəni eyni bədii hadisələrin müxtəlif və rəngarəng elementlərini inkişafda olan sistem kimi – sənət elementləri arasındakı rəngarəngliyi görürük. Kamal Abdulla təsvir etdiyi dövrlə, yaxud müasir sənətin keçmiş dövrlə müxtəlif formada ədəbi –mədəni dialoq-mükaliməsini ortaya qoyur. Epos və folklordan yaradıcı təsirlənmə və zənginləşməni Kamal Abdullada müxtəlif səviyyələrdə ayrı-ayrı əsərlər daxilində (“Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Dəvə yağışı”, “Gülü qah-qah xanımın nağılı” və s.) apaydın görürük. Bədii təsirlənmə və zənginləşmənin biz Kamal Abdullada şəxsi və ümumi təzahürlərini görməklə həm də onun bir sıra xüsusiyyətlərini aşağıdakı ardıcıllıqla təsnif edə bilərik:
1. Kamal Abdulla ənənəni novatorcasına davam etdirir.
2. İrəli getməklə: burada K.Abdulla orijinalın (“Kitabı-Dədə Qorqud”un) bədii konseptual xüsusiyyətlərini “dost-düşmən” yaradıcı prinsipi əsasında incələməyə müvəffəq olur.
3. Əxz etmə – ona qədər ”Kitabi-Dədə Qorqud”da əksini tapmış bədii sistem elementlərinin (süjet xətti, sxemi, şərait, vəziyyət, qəhrəmanların xarakteri, kompozisiya və s.) yeni, daha səmərəli müstəviyə keçirmə bacarığını göstərir. Bununla belə əxz olunmuş elementlər yazıçı tərəfindən yeni koloritlə əridilir, fərqli bədii ritmlə, obrazlara bir qədər başqa şəkildə yanaşma və izahla ortaya çıxır.
4. Kamal Abdulla sələflərinin bədii təcrübəsinin bəzi tərəflərindən yaradıcılıqla istifadə edir. Lakin belə olduğu təqdirdə orijinalın (“Kitabi-Dədə Qorqud”un) ideya, məzmun və üslubi xüsusiyyətləri, tarixi şəxsiyyətlərin (Şah İsmayıl Xətai) bizə indiyə qədər məlum olduğu halda gözlənilməz şəkildə təqdimatı ortaya qoyulur.
5. Yeni mətn ilkin mənbəyə oxşayıb onu təkrar etsə də, bu, heş də o dövrün dünya qavrayışı sistemini, surəti, aparıcı üslubi xüsusiyyətləri və formanı (bizim nəzərdən keçirdiyimiz təqdirdə sakral mətnin və tarixi şəxsiyyətin) əks etdirmir. Kamal Abdullada mənbəyə istinad və ondan istifadə daha yüksəkdir. Yeni mətndə sənətkarın daha böyük yaradıcı potensiala sahib olması ənənənin izahında novatorluq daha yüksək səviyyəyə çatır.
6. Orijinalın bəzi məqamlarını daha dərindən və diqqətlə nəzərdən keçirdikdən sonra orada bəzi patetik qəhrəmanlığa sarkastik münasibət ifadə etmə mövcuddur. Yəni Kamal Abdulla nə “Kitabi-Dədə Qorqud”u, nə də Şah İsmayıl Xətaini diqqət mərkəzinə çəkməklə onlardan heç də heyranlıqla danışmağı təlqin etmir, oxucunu fikirləşməyə sövq və məcbur edir.
7. Kamal Abdulla məlum mətni dəyişikliyə məruz qoymaqla, orijinalın bədii potensialına xələl gətirmir, əksinə, orijinalı daha dərindən mənimsəmə üçün yeni mətnin yaradılmasına imza atır.
8. Orijinalın müxtəlif yerlərini olduğu kimi ilkin mənbədən öz mətninə yaradıcı şəkildə uyğunlaşdırır.
9. Reproduksiyalaşdırmadan istifadə, daha doğrusu, mənbə əsərin kompozisiya quruluşunu müasir romana (yəni “Yarımçıq əlyazma”ya) üzvi surətdə calaq etmək bacarığını nümayiş etdirir.
10. Reminisensiya, yəni əvvəlki məlum epik və tarixi mənbələrin bəzi elementlərini dəyışərək həmin mənbələrdən ustalıqla istifadə etmək bacarığını ortaya qoyur.
11. Parafraza, yəni əvvəlki epik mənbədən onun bəzi elementlərini, kompozisiya əlaqələrini saxlamaqla, məlum mövzuya yaradıcı surətdə qayıda bilir.
12. İşarə etmə (Kamal Abdulla demişkən işarət etmə) – bir, bir neçə detal, yaxud obraz vasitəsilə oxucunu (bizim halda tənqidçini) əvvəlki mətnin (epik-“Kitabi-Dədə Qorqud”, tarixi-Şah İsmayıl Xətai) elementlərinə istiqamətləndirir.
13. Variasiyalar, yəni əvvəlki mətnin bəzi struktur elementlərinə xələl gətirmədən onu yenidən özünəməxsus yolla işləməklə bağlı istifadə (“Yarımçıq əlyazma”da biz bu tipli detal və elementlərlə tez-tez rastlaşırıq). Mənbənin ideya-tematik və bədii-estetik xüsusiyyətlərinin invariantlığını saxlamaqla, müəllif onun bir sıra cəhətlərini, süjet xəttini, qəhrəmanların və personajların xarakteristikasını, kompozisiya bloklarını variativləşdirir.
14. Konsentrasiya – bu cəhət Kamal Abdulla nəsrində özünü daha qabarıq şəkildə əks etdirir. Çünki o, istedadlı postmodernist sənətkar kimi mifoloji, epik mətn, qədim dövr və klassik ədəbi simalar, şəxsiyyətlər və obrazlardan elə yaradıcı şəkildə istifadə edir ki, onlar gələcək nəsillər üçün nəinki bədii, həm də tarixi-mədəni cəhətdən maraq obyektinə çevrilirlər.
15. Bədii təsirlənmə və zənginləşmə konsentrasiyaya zidd proses kimi gedir. Yəni Kamal Abdulla nəsri müstəqil və estetik əhəmiyyətini itirməməklə özündən sonra gələcək bədii proses daxilində ərimək imkanı əldə edir.
16. Nəhayət sonuncu – Kamal Abdulla yaradıcılığı, həm də öz sələflərinin bədii-estetik dünyagörüşü ilə mübahisə edir. Əgər bir halda Kamal Abdulla yaradıcılığı folklordan, mifdən, epik abidələrdən öyrənərək istifadə edirsə, digər hallarda ondan qidalanaraq elə irəliləyir ki, öz potensiyasında onunla uyğunsuzluğunu dərk etməklə, həm də yaradıcı yanaşma estetikası baxımından onu xeyli dərəcədə üstələyir.
Məlumdur ki, “Yarımçıq əlyazma” romanı işıq üzü gördükdən sonra bu əsər haqqında çeşidli, bəzən isə bir-birini tamamilə inkar edən fikirlər və mülahizələr söylənildi. Daha müşahidəli tənqidçilər isə əsərin nəinki yalnız postmodernist üslubda yazıldığını, həm də onun mədəni, mənəvi, ictimai, sosial həyatımızın daha dərin qatlarını çözələmək və tariximizlə müasir zaman kəsiyimiz, milli “kim”liyimiz arasındakı geneoloji və faktoloji uyğunluqların (yaxud uyğunsuzluqların) etiologiyasını açmağı əldə etməsində israrlı olunduğunu sübut etdilər.
Kamal Abdulla “Yarımçıq əlyazma” romanında epik və tarixi mətnə əsaslanaraq real həyatımızın bədii adekvat modelini yaratmışdır. Onun bədii dünyası dərin məna yükü daşımaqla, konseptual cəhətdən zəngindir. Sənətkarın bədii konsepsiyası qeyri-plastik ideyaların və əsərin bədii aləmində gizlənmiş nüvəsində dayanır. “Yarımçıq əlyazma” romanının aktual qatı Azərbaycana, türk dünyasına istiqamətlənməklə ona uzun müddətli ontoloji status verir. Çünki belə aktual və müasir kontekst bədii mətnə bəlkə də daha uzun ömürlük bəxş edir.


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol