ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Süleyman Məmmədov

Filologiya elmləri namizədi Asif Hacıyevin  “Qəribəm bu vətəndə: Axısqa türklərinin etnik mədəniyyəti” adlı kitabı haqqında
 
Rəy
 
          Ümumtürk tarixi və mədəniyyətinin çox zəif öyrənildiyini, Axısqa/Mexset türklərinin etnik tarixi və mədəniyyəti haqqında isə bu vaxta qədər demək olar ki, heç bir xüsusi əsərin olmadığını nəzərə alsaq, Asif Hacıyevin bu kitabını  ciddi başlanğıc, mühüm hadisə kimi qiymətləndirmək olar. Maraqlı publisistik-elmi üslubda yazılmış bu kitabda arxiv sənədləri, XIX əsrin mətbuatı, yeni aşkar edilmiş müasir rəsmi sənədlər və müəllifin özünün topladığı zəngin etnoqrafiya – folklor materiallarından istifadə edilmişdir. Müəllif Axısqa paşalığı, XIX əsr rus-türk toqquşmaları, XX əsrin əvvəllərində cənubi-qərbi Qafqazda qurulmuş türk respublikaları, Axısqa türklərinin sürülməsi, bu xalqın müasir yaşayışı, ictimai problemləri ilə bağlı tamamilə yeni materiallar aşkar etmiş və ümumiləşdirmişdir. Etnoqrafiyaya aid materiallar da çox maraqlıdır. A.Hacıyev Axısqa türklərinin tarixi etnoqrafiyasının əsas qatlarının - əkinçilik mədəniyyəti, sənətkarlıq, mətbəx, geyim, ev quruluşu və sairəni canlı faktlar, tarixi sənədlər əsasıında uğurla təsvir etmişdir. Əsərdə etnik psixologiya və əxlaq, ailə quruluşu, nəsil, el anlayışları, aədtlər, mərasimlər, dini-mifoloji təsəvvürlər haqqında da qiymətli material verilir. Bütün bunlar Axısqa türklərinin mənəvi aləmi, müasir həyat tərzi, dəyərlər sistemi ilə əlaqəli şərh olunur.
           Maraqlı, oxunaqlı üslubda yazılmış, dərin vətəndaşlıq qayəsi ilə seçilən kitab geniş oxucu kütləsinin milli mənlik şüurunun dərinləşməsində, gənclərin humanist ruhda tərbiyəsində böyük rol oynayacaq. Yarım milyonluq bir xalq olan Axısqa türklərinin tarixi və mədəniyyəti, müasir problemləri haqqında hərtərəfli təsəvvür yaradan bu kitabın çapını zəruri sayıram.
 
Süleyman Məmmədov
tarix elmləri doktoru, professor,
V.İ.Lenin adına APİ-nin
Azərbaycan tarixi kafedrasının müdiri   
1992