ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Mədət Çobanov

 
 
 
Alimin yeni kitabı
 
Elmi ictimaiyyət arasında XX əsrin 80-ci illərinin ikinci yarısından tanınmağa başlanmış gənc və istedadlı alimlərimizdən biri də Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Asif Hacıyevdir. O, 1960-cı ildə anadan olmuş, 1982-ci ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1987-ci ildə namizədlik, 1998-ci ildə isə doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. Asif Hacılı elm aləmində onlarla dərin məzmunlu elmi məqalələri; son dövrlərə qədər filologiyamızda əsasən bir boşluq kimi görünən sahələrə həsr olunmuş "Epik ənənə və müasir bədii nəsr" (1984), "Qəribəm bu vətəndə: Ahıska türklərinin etnik mədəniyyəti" (1992), "Müasir nəsrdə mifologizm və folklorizm" (1993, rus dilində), "Müasir nəsrin poetikası" (1997, rus dilində), "Ahıska türk folkloru" (1998), "Bayatı poetikası" (2000) adlı kitabları ilə tanınmışdır. Bir sıra əsərləri Rusiya, Türkiyə, Özbəkistan, Tacikistan, Gürcüstan və s. ölkələrdə dərc olunmuşdur.
Bu günlərdə isə prof. A.Hacılının "Mifopoetik təfəkkür fəlsəfəsi" (2002) adlı yeni monoqrafiyası nəfis şəkildə işıq üzü görmüşdür. Kitabın elmi redaktoru əməkdar elm xadimi, filologiya elmləri doktoru, prof. Kamal Abdullayevdir.
Kitabda müəllifin mifologiya, folklor və ədəbiyyatın müxtəlif məsələlərinə həsr olunmuş məqalələri daxildir. Həmin məqalələrin bir qismi vaxtilə mətbuatda dərc olunub, bəziləri isə ilk dəfə nəşr edilir. Tarixi poetika istiqamətində yazılmış bu məqalələrdə milli bədii təkamülün tipologiyası, fəlsəfi-dini sistemlərlə əlaqəsi, bədii təfəkkürdəki etnik müəyyənlik tarixi mifopoetik aspektdə araşdırılır.
Monoqrafiya "Mifoloji sistemdə dünya ocağı" adlı iri həcmli məqalə ilə başlanır. Müəllif bu məqalədə mifologiya üçün səciyyəvi olan başlıca cəhətlərinin əsatiri təfəkkürlə əlaqədar şəkildə meydana gəlməsini və onun qədim qatlarının izlərinin indi də dildə, xalqın adət-ənənəsində, etnoqrafik baxışlarında, tarixən xalqla birgə yaşamış və tarix boyu xalqa yoldaşlıq etmiş qədim tarixi köklərə malik olan folklor nümunələrində, incəsənətin bu və ya digər sahələrində izlərini saxlaması problemlərini mövzunun tələbi baxımdan geniş təhlil etmiş və onun mifopoetik təfəkkür fəlsəfəsinin mahiyyətini - universal təfəkkür tərzini, insanın özünüdərketmə üsullarını, Dünya ağacı və onun zaman və məkanla, həyatla əlaqəsini elmi şəkildə açıqlamışdır.
Monoqrafiyada zaman və onun mifopoetik dərki istər folklor, istərsə də yazılı bədii ədəbiyyat nümunələri əsasında insan təfəkkürünün bədii-elmi-fəlsəfi süzgəcdən keçirilmiş, Şərqin böyük dühası Ömər Xəyyam demişkən:
 
Bir gün ki, keçib, onu salma yada,
                                 Bir gün ki, sabah gəlməlidir, yoxdur o da.
                                 Nə keçmişə, nə gəlməmişə bağlama bel, 
                                 Hal ilə xoş ol sən, ömrünü vermə bada.
 
Göründüyü kimi, müəllif bu poetik parçada keçmiş, gələcək hadisələr olmaqla üç zaman qavrayışını bədii zamana və məkana görə, mifopoetik qovuşuq kimi şərh etmişdir.
Kitabda müəllifin etnik psixoloji müşahidələri fonunda türklərin təfəkküründə bədii coğrafi yurd obrazının həm filoloji, həm də fəlsəfi aspektdə təhlili, öz fikir və mülahizələrini zəngin etno-linqvistik materiallarla şərh etməsi, ümumilikdə, kitabın elmi səviyyəsini qat-qat artırır. Kitabda həmçinin müəllifin "Kitabi Dədə Qorqud"da müəllif təfəkkürü və tarixi proses", "Koroğlu" dastanının morfoloji strukturu", "Ədəbi ənənəmizdə çılğın qəhrəmanlar", "Tarixi poetikamızda ləfz və kitab rəmzləri", "Onilliyə ədəbi baxiş", "Poeziyamızın dünəni, bu günü", "Şaman duası" və s. məqalələri böyük maraq doğurur.
Ümumiyyətlə, kitabda toplanmış ayrı-ayrı məqalələr müxtəlif mövzularda olsa da, onları bir mündərəcə və məzmun birləşdirir. Bu da kitabın ümumi məziyyətini müasir elmi baxışlarla daha yaxından bağlayır. Bir sözlə, mifopoetik dünya mənzərəsi haqqında təsəvvürlərə müəyyən aydınlıq gətirən bu monoqrafiya folklorçular, mifoloqlar, filoloqlar, filosoflar və tarixçilər üçün çox maraqlı mənbə və qiymətli hədiyyədir.
Nəhayət, professor Asif Hacılını "Mifopoetik təfəkkür fəlsəfəsi" adlı kitabının işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!
M.N.ÇOBANOV,
filologiya elmləri doktoru, professor,
Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü.
 
2002
 
Şərqin səsi, № 11 (75), may, 2002