ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Sərxan Xavəri

...Asif Hacıyevin “Bayatı poetikası” tədqiqatı bayatını bir janr etibarilə bütün konturları boyu, eninə və dərininə tədqiq edən dəyərli bir tədqiqat kimi fərqləndirilməlidir.

                                                        Sərxan Xavəri

                                                        2004

Sərxan Abbas oğlu Xavəri. Azərbaycan milli mədəniyyət sistemində folklorun funksional strukturu və tipologiyası (EDD). 2021

Folklorda “simvol-funksiya” paradiqması. Elmi araşdırmaları funksional struktur aspektindən xüsusi maraq doğuran müəlliflərdən biri də professor Asif Hacılıdır. Müəllifin araşdırmaları struktur metodun prinsiplərinin konkret Azərbaycan folklor nümunələrinə uğurlu tətbiqi və bu kontestdə mətnlərin funksionallıq keyfiyyətinin araşdırılması baxımından diqqətəlayiqdir. İlk növbədə alimin “funksionallıq” anlayışına konseptual baxışı ilə tanış olaq. O, yazır: “Mühit – simvolları, janr konteksti – funksiyaları, müəllif – ideyanı müəyyənləşdirir (fərqləndirmə bizimdir – S.X.). Simvol – mücərrəd və ya real obyektlərin təcəssümüdür: dağ, gül, bülbül, bulaq, yol, quş, əcəl, tale adi predmet və anlayışlar deyil, rəmzi mənalardır; funksiya bədii ənənədən gələn sabit rollardır: aşiq, məşuq, rəqib, köməkçi, düşmən, qərib, ata-ana, qoca, cavan, uşaq – adi subyektlər deyil, funksional mövqelərdir” [126,s.26].
Göründüyü kimi, müəllif “funksionallığı” “simvol” anlayışı ilə müqayisə kontekstində təqdim edir. Belə müqayisəli yanaşma müəllifə funksiya anlayışını daha ətraflı izah etməyə, imkan vermiş olur. Çünki müəllifin də qeyd etdiyi kimi, funksiyalar özünü məhz simvollar vasitəsilə reallaşdırır. Hesab edirik ki, müəllifin funksiya anlayışına olan münasibətində görkəmli rus folklorşünası Vladimir Proppun mövqeyi həlledici rol oynamışdır. Asif Hacılının “funksiya əsəri hərəkətə gətirən aktiv rol, prosessual mənadır” [126, s.105] fikri də bilavasitə V. Proppun məlum morfoloji təhlil təcrübəsi kontekstində irəli sürdüyü yanaşmalarla səsləşir.
Asif Hacılı ““Koroğlu” dastanının morfoloji strukturu” məqaləsində [128, s.87]. V. Proppun morfoloji analiz modeli əsasında “Koroğlu” dastanını tədqiqata cəlb etmişdir. Məlum olduğu kimi, V. Propp çoxsaylı nağılların oxşar funksional sintez məqamında yaranması fikrini irəli sürmüş [350,s.24], təhlilə cəlb etdiyi nağıl nüunələri əsasında fikrini sübut etmişdir. Dünya folklorşünaslığında özünəməxsus yeri və mövqeyi olan bu tədqiqat ciddi müzakirələrə səbəb olmuş və son nəticədə nağılın stukturunda dəyişməyən hissənin onun funksiaları ilə bağlılığı sübut olunmuşdur. V. Proppun bu unikal yanaşması haqqında Azərbaycan folklorşünaslığında müəyyən mülahizələr irəli sürülsə də, bu yanaşma bir elmi paradiqma kimi tətbiqi olaraq nağılların və üumiyyətlə epik mətnlərin mahiyyətinin öyrənilməsindən kənarda saxlanılmışdır. Bu istiqamətdə Asif Hacılının “Koroğlu dastanının morfoloji strukturu” adlı məqaləsi azsaylı istisnalardan biridir. Müəllif bu əsərində V. Proppun morfoloji tədqiqatların zəruriliyi ilə bağlı yanaşmasını diqqət mərkəzinə gətirdikdən sonra bildirir ki, hər hansısa bir əsərin mahiyyətinin öyrənilməsi üçün onun strukturu müəyyənləşdirilməlidir. Müəllif tədqiqatında V. Proppun nağıllara tətbiq etdiyi model əsasında müəyyənləşdirir ki, “Koroğlu” dastanının bütün boyları aşağıdakı funksiaların (və subfunksiyaların) birləşməsi əsasında ortaya çıxır:
A. “Təhlükə meydana çıxır;
B. Təhlükə məlum olur;
V. Təhülükə və hadisənin yeri;
Q. Təhlükəni dəf edən;
J. Koroğlu düşmən və ya rəqiblə qarşılaşır;
D. Təhlükənin dəf edilməsi yolları;
S. Çənlibelə yeni dəli və ya xanım gəlir”[128, s.87-89].
Tədqiqat nəticəsində müəllif müəyyənləşdirir ki, “Koroğlu” eposunun qollarının strukturu A+B+V+Q+J+D+S simvolları ilə ifadə olunmuş elementlərin sabit düzümü əsasında formalaşmışdır [128,s.88]. Müəllif diqqətə çatdırır ki, bu funksiyalar sabit və azdəyişəndir. Funksiyanın bağlı olduğu ayrı-ayrı situasiyalar isə mütləq şəkildə dəyişkəndir. Müəllif bildirir ki, bu yeddi funksiya aşıqların əlində sonsuz sayda, bir-birini təkrarlamayan dastanların yaranmasına şərait yaradır. Müəllif funksional strukturun sabitliyini, situasiyaların isə dəyişkənliyini “Koroğlu” eposunun 17 qolu üzərində apardığı modelləşdirmə əsasında izah etmişdir. Daha sonra tobol tatarlarının müvafiq eposu əsasında da modelləşdirmə aparan müəllif strukturun oxşarlığını onlarınn eyni kökdən qaynaqlaması ilə əlaqələndirir [128, s.92]. Asif Hacılının epik folklor mətinin funksional strukturu ilə bağlı irəli sürdüyü mülahizələrin V. Proppun yanaşmasından tipoloji fərqi özünü onda göstərir ki, V. Propp funksialardan təşkil olan struktur sabitliyini mətnin etnik-milli özəlliyi ilə əlaqədar olmayan universal tipologiya ilə, A. Hacılı isə eyni kökdən qaynaqlanması ilə əlaqələndirir. Hesab edirik ki, müəllifin genoloji ümumiliklə bağlı bu yanaşması V. Proppun nəzəri-metodoloji görüşlərinin Asif Hacılının elmi araşdırmaları timsalında keyfiyyət çevrilməsi faktıdır. Burada metodoloji baxış “alət” olaraq alınır, tətbiq konteksti və strategiyası dəyişdirilir, nəticədə orijinal bir elmi nəticə təqdim edilir. Lakin bütün bunlarla yanaşı, hesab edirik ki, funksiyaya münasibətdə V. Proppun “universal tipologiyası” ilə A. Hacılının “genoloji tipologiya” konseptlərinin müqayisəsinin gələcək tədqiqatlarda daha geniş şəkildə əsaslandırılmasına ehtiyac vardır.
Asif Hacılının əsasərlərində funksionallıqdan bir tərəfdən folklor mətninin daxili strukturu kontekstində bəhs edilirsə, digər tərəfdən folklor nümunələrinin özünün sosial-mədəni kontekstdə işləkliyinə diqqət yetirilir. Müəllif müxtəlif folklor mətnlərini cəmiyyətdə müəyyən bir funksiyanı həyata keçirən funksionallaşma hadisəsi kimi təqdim edir. Məsələn, alimin baxışına görə, “Kitabi-Dədə Qorqud” eposu “özünəməxsus tarixi yaddaş kimi ortaya çıxır və sosial 71 davranışı tənzimləyən, psixoloji sabitlik yaradan, ictimai birliyi qoruyan qüvvə tək funksionallaşır” [128,s.71].
Müəllif haqlı olaraq şifahi ənənəni funksionallığın əsas şərtlərindən biri kimi təqdim edir: “Sosial həyatda mühüm rol oynayan folklor–mərasim mətnləri məhz şifahi ifada öz canlılığını və funksionallığını saxlayır. Şifahi əsərin yazıya alınması əslində onun canlı mətn kimi ölümüdür”[128,s.137].
Asif Hacılının mətnin sosial-mədəni mühitdəki funksionallığı haqqında irəli sürdüyü fikirlər daha çox strukturalizmin görkəmli nümayəndəsi Rolan Bartın nəzəri-metodoloji yanaşmalarına əsaslanır. Asif Hacılı qeyd edir ki, “Rolan Bartın tədqiqatlarında bədii mətn tarixi mühitə çıxışı olmayan müstəqil tamlıq, “qapalı struktur” kimi araşdırılır, “müəllif fiquru” kənarlaşdırılaraq əsərin funksionallığı “istifadəçi-oxucu” ilə əlaqələndirilir” [126,s.8].
Alimin Rolan Barta istinadən diqqət mərkəzinə gətirdiyi “istifadəçi-oxucu” anlayışı əslində yazılı ədəbiyyatın funksionallıq keyfiyyəti kəsb edərək folklor mexanizmləri əsasında “işləməsi” prosesidir. Bu məqamda funksionallıq yazılı və şifahi mədəniyyəti birləşdirən mühüm faktor kimi çıxış edir.
Beləliklə, qeyd olunanları ümumiləşdirərək deyə bilərik ki, Asif Hacılının araşdırmaları folklorun struktur olaraq öyrənilməsi baxımından aşağıdakı aspektlərdən xüsusi əhəmiyyət daşıyır:
1. Bu tədqiqatlarda mədəniyyətə funksional yanaşma ilə bağlı XX əsr dünya və rus humanitar elmi düşüncəsinin ən mütərəqqi elmi yanaşma təcrübələri, nəzəri-metodoloji baxışları kreativ olaraq ümumiləşdirilir;
2. Bu tədqiqatlar funksional struktur baxımından zəngin Azərbaycan folklor nümunələri əsasında metodoloji tətbiq nümunələri kimi özünü göstərir;
3. Bu araşdırmalarda “funksionallıq” folklor mətninin semantik strukturunu şərtləndirən mühüm faktor kimi nəzərdən keçirilir;
4. Bu araşdırmalarda folklor nümunələrinin sosial-mədəni çevrədə funksionallığı nəzəri-metodoloji olaraq öyrənilir.


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol