ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Mürsəl Həkimov

Asif Hacıyevin “Qəribəm bu vətəndə: Axısqa
                           türklərinin etnik mədəniyyəti”
adlı kitabı haqqında
 
 
Rəy
 
         A.Hacıyevin bu publisistk-elmi səpkili əsəri Axısqa/Mesxet/ türkləri haqqında ilk kitabdır. Zəngin arxiv sənədləri, müəllifin özünün fərdi ekspedisiyalar zamanı topladığı tamamilə yeni folklor və etnoqrafya materialları əsasında yazılmış bu kitab Axısqa türklərinin milli mədəniyyəti, mənəviyyatı haqqında aydın təsəvvür yaradır. Ciddi ictimai-mədəni və filoloji əhəmiyyət daşıyan kitabda Axısqa elinin çoxəsrlik xalq yaradıclığının demək olar ki, bütün janrları və mövzu sahələri əhatə olunub, verilmiş nümunələrin böyük əksəriyyəti ilk dəfə çap olunur, qalanları isə variant özünəməxsusluğu ilə seçilir. Elmi ictimaiyyət, geniş oxucu kütləsi üçün tamamilə yeni olan əsərləri heç vaxt dərc olunmamış bir çox klassik və müasir türk aşıqları, şairlərinin yaradıcılığı haqqında məlumat, əsərlərindən nümunələr də xüsusi maraq doğurur. Bütün bunlar ümumtürk folklorşünaslığında tapıntı hesab oluna bilər. Axısqa – türk folklorunun məzmunu, bədii xüsusiyyətləri, bu xalqın adət və mərasimləri, tapıncları, inancları haqqında müəllifin mülahizələri, ümumiləşdirmələri də ictimai-tərbiyəvi və elmi əhəmiyyəti ilə seçilir.
        Müəllif Axısqa türklərinin yalnız şifahi söz sənəti ilə kifayətlənməmişdir. Tarix, musiqi folkloru, əkinçilik mədəniyyəti, milli mətbəx, geyim, evtikmə sənəti, coğrafi adlarla bağlı maraqlı materiallar da verilmişdir. Sosial həyat, xüsusən, toy, yas, dəfn, bayramlar, o cümlədən dini bayramlar, əyləncələr də əhatə olunmuşdur. Bütün bu mənəvi-mədəni örnəklər xalq mənəviyyatı, milli tale, ilk növbədə sürgün, müasir problemlərlə bağlı təsvir və şərh olunmuşdur.
        Kitab oxunaqlı, emosional dillə, publisistik-elmi üslubda yazılmışdır.
   “Qəribəm bu vətəndə. Axısqa türklərinin etnik mədəniyyəti” kitabı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, milli şüurun tarixi özünüdərkin inkişafında türk mədəniyyətinin zənginləşməsində böyük rol oynaya bilər. İlk növbədə isə sayı yarım milyona çatmış, sürgün şəraitində yaşayan, haqqında heç yerdə heç bir araşdırma aparılmayan, milli məktəbdən, mətbuatdan məhrum olan bu acı taleli xalqın, Axısqa türklərinin milli mədəniyyətinin, xalq sənətinin, etnik varlığının qorunmasında kitab müstəsna rol oynayacaq. Şübhəsiz, bu əsər hər bir Axısqa türkünün “stolüstü” kitabına çevriləcək.
         Filologiya elmləri namizədi Asif Abbas oğlu Hacıyevin yazdığı, gərgin əməyin bəhrəsi olan “Qəribəm bu vətəndə: Axısqa türklərinin tarixi, etnoqrafiyası və folkloru” kitabının geniş tirajla nəşrini vacib hesab edirəm.
 
 
Mürsəl Həkimov
filologiya elmləri doktoru,
professor
1992



 
Qiymətli tədqiqat
 
 
         Tarixi taleyimizin indiki dövrü belə bir ədəbi həqiqəti bir daha təsdiqlədi ki, hər millətin gələcəyi, inkişafı onun öz əzəlinə, kökünə, qaynaqlarına nə dərəcədə bağlı olmasından asılıdır. Keçmişini unudan xalq milli simasından, yaşamaq, çarpışmaq əzmindən də məhrum və bütövlükdə milli mənliyini itirmək təhlükəsi qarşısında qalır. Əsrlər boyu belə təhlükələrlə üzləşmiş xalqımızın türk ruhunu, milli varlığını yaşadan əsas amillərdən biri və bəlkə də başlıcası mifik təfəkkürüz, folklorumuz, dilimiz, söz sənətimiz olmuşdur. Məhz buna görə də son illər xalq yaradıcılığına, şifahi ədəbiyyatımıza marağın artması, bu sanballı maraqlı araşdırmaların ortaya çıxması təbiidir. Türk etnik mədəniyyəti, mifologiya və folkloru, ümumən poetika məsələləri ilə ciddi məşğul olan belə araşdırıcılardan biri də Asif Hacıyevdir. Onun “Mütərcim” nəşriyyatı tərəfindən yenicə çapdan çıxmış “Müasir nəsrin poetikası. Mifoloji və folklor genezisi məsələləri” adlı monoqrafiyası bu çoxşaxəli problemin öyrənilməmiş sahəsinə həsr olunub. Əsərdə mif və folkor yaradıcılığının ən yeni dövr nəsrində aşkarlanan dərin təsirləri geniş ədəbi materiallar əsasında hərtərəfli tədqiq edilmişdir. Asif Hacıyev folklor və ədəbiyyatın əlaqələrini zahiri cəhətlərdə deyil, ən dərin poetik qatlarda aşkarlamağa müvəffəq olmuşdur. Qeyd edim ki, ilk dəfə məhz bu monoqrafiyada müəllif obrazının tipologiyası mif, folklor, ədəbiyyat materialları əsasında tam dolğunluğu ilə təsnif edilmişdir.
         Asif Hacıyev ilk dəfə olaraq müasir şifahi nəsri çağdaş ədəbi-bədii prosesin bir qolu kimi öyrənərək, folklor yaradıcılığının yeni dövrdə ölmədiyini, əksinə ədəbiyyatla qovuşaraq inkişaf etdiyini sübut edir. Müasir şifahi nəsrin özünəməxsus bədii hadisə olduğunu təsdiqləyən müəllif, bu hadisəni folklor və ədəbiyyat arasında orta mövqe tutan, bəzən “şifahi ədəbiyyat”, bəzən “yazılı folklor” adlandırıla biləcək bir fenomen kimi öyrənir. Klassik folklordan fərqli olaraq, müasir şifahi nəsrin yeni tipli müəlliflər, çox vaxt ədəbi təhsili olan şəxslər tərəfindən yaradıldığını və bir çox cəhətdən ədəbiyyata yaxınlaşdığını göstərir.
       Monoqrafiyanın bir hissəsinin Axısqa türklərinin müasir folkloru əsasında, Asif Hacıyevin uzun illər toplayıb çap etdirdiyi canlı folklor materialı əsasında yazıldığını xüsusi nəzərə çatdırmaq istərdik. Müəllifin Axısqa-türk folkloruna aid araşdırmaları təkcə respublikamızda deyil, başqa yerlərdə də əks-səda doğurmuş, Türkiyənin bir çox nüfuzlu dərgilərində onun məqalələri çıxmış, Azərbaycan, Türkiyə, Gürcüstan mətbuatında müsbət rəylər söylənmişdir.
         Monoqrafiyanın uğurlu cəhətlərindən biri də nəzəri mülahizələrin mücərrəd şəkildə deyil, bir çox faktik ədəbi və folklor materialının tədqiqindən doğmasıdır. Müəllifin hər bir mülahizəsi konkret araşdırma ilə, Azərbaycan, özbək, rus, gürcü nasirlərinin əsərlərinin dərin müqayisəli təhlili ilə əsaslandırılır. Yüksək elmi səviyyəsi ilə seçilən kitabda mövzu ilə bağlı ən müasir tədqiqlərə də fərdi elmi münasibət bildirilmiş, bir çox mübahisəli məsələlərə aydınlıq gətirilmişdir.
         Bütün bu keyfiyyətlər Asif Hacıyevin monoqrafiyasını vaxtında yazılmış, elmi-nəzəri yeniliyi ilə seçilən, filologiyamızda son dərəcə perspektivli bir istiqamətin – genetik poetikanın əsasını qoyan qiymətli bir tədqiqat kimi dəyərləndirməyə imkan verir. Güman edirik ki, bu sanballı əsər etnik qaynaqlarımıza, xalq ruhuna, kökümüzə qayıdışa güclü təkan verəcək və filologiyamızın inkişafında xüsusi rol oynayacaq.
 
 
Mürsəl Həkimov
filologiya elmləri doktoru,
professor    
 
Liberal press, 5 iyul 1997, s. 7
 
           
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol