ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Xeyrulla Məmmədov

Poetik ənənəyə yeni baxış
 
 
Ədəbiyyatşünaslığımızın inkişaf yoluna nəzər yetirsək, görərik ki, araşdırmalar əsasən iki – tarixi və nəzəri istiqamətdə aparılmışdır. Ancaq son dövrdə filoloji fikrin inkişafı bu iki istiqamətin yaxınlaşması, yəni tarixi poetikanın yaranması zərurətini doğurmuşdur. Asif Hacıyevin “Müasir nəsrin poetikası. Mifoloji və folklor genezisi məsələləri” (rus dilində) adlı monoqrafiyası tarixi-genetik poetika problemlərinə həsr olunmuş ilk cəhdlərdən biri kimi xüsusi maraq doğurur. Ədəbiyyatın mühüm nəzəri məsələlərini tarixi inkişaf baxımından araşdıran müəllif bütövlükdə nəsr ənənəsinin bir sıra tipoloji qanunauyğunluqlarını ümumiləşdirməyə müvəffəq olmuşdur. Monoqrafiyada folklor və ədəbiyyatın bağlılığı, müasir nəsrin mif-folklor genezisi tarixi poetika baxımından təhlil edilmişdir. Nəzəri ümumiləşdirmələrin genişliyi A.Hacıyevə bədii mətnin, əsas poetik anlayışların yeni elmi tərifini verməyə imkan yaratmışdır. Bədii əsəri yalnız forma-məzmun vəhdəti deyil, daha mürəkkəb və canlı canlı sistem kimi götürən A.Hacıyevin fikrincə, bədii mətn fərdi müəllif duyumu, əks olunan mühit və bədii ənənənin, yəni janr yaddaşının qovuşmasından əmələ gəlir. Monoqrafiyada bədii əsərlər məhz bu əsasda öyrənildiyindən bir çox anlayışlar həaaqında yeni, dolğun nəzəri mülahizələr söylənilir.
Tədqiqatçının əsaslandırdığı və istifadə etdiyi yeni metodoloji prinsiplər fikrimizcə, bütövlükdə folklor və ədəbiyyat araşdırmalarında uğurla istifadə oluna bilər.
Müəllifin Azərbaycan, rus, özbək, qırğız, gürcü nəsrini müqayisəli təhlil etməsi kitabdakı ümumiləşdirmələrin nəzəri sanbalını xeyli artırmışdır. Bir çox müasir nasirlərin əsərlərində mif-folklor qaynaqlarından gələn oxşar, eyni zamanda özünəməxsus cəhətlər müqayisəli təhlillə aşkarlanmış, poetik təfəkkürün ümumi təkamül xüsusiyyətlərinə aydınlıq gətirilmişdir.
Müasir Azərbaycan, rus, Avropa filoloji fikrinə yaxşı bələd olan müəllif sözün həqiqi mənasında konseptual fikir bolluğu içində öz orijinal mülahizələrini təsdiqləyə bilmişdir. Bu cəhət arxetip motivlər, süjet və kompozisiya, bədii zaman və məkan, janr kimi problemlərə münasibətdə xüsusilə qabarıqdır.
Monoqrafiyanın elmi dəyərini artıran xüsusiyyətlərdən biri də budur ki, hər bir mətn, konkret bədii əsər bütöv bir tam kimi araşdırılmış, nəzəri ümumiləşdirmələr bədii faktların məntiqiylə əsaslandırılmışdır.
Asif Hacıyevin bu yeni kitabı tarixi poetikamızın ciddi uğuru kimi diqqətəlayiqdir.
 
 
Xeyrulla Məmmədov
 
filologiya elmləri doktoru,
 
professor     
 
(Xalq qəzeti, 20 iyun 1997, s. 5)