İradə Qaracayeva
“Qəribəm bu vətəndə” deməyin!
Bu yaxınlarda “Gənclik” nəşriyyatı tərəfindən gənc yazıçı Asif Hacılının Axısqa türklərinin etnik mədəniyyətinə həsr olunmuş “Qəribəm bu vətəndə” adlı ilk kitabı çapdan çıxmışdır.
Kitab türk olduqları üçün qətl edilənlərin müqəddəs xatirəsinə ithaf olunur. Əsər hazırda böyük bir hissəsi Azərbaycan torpağında yaşayan Axısqa türlərinin etnik mədəniyyəti və tarixi haqqında, folklor və etnoqrafiya materialları, nadir arxiv sənədləri əsasında yazılmış qiymətli sənət əsəridir. Burada Axısqa türlərinin özünəməxsus milli siması hərtərəfli təsvir və şərh olunur, minillik xalq sənətindən nümunələr verilir.
Müəllifin 1986 - 1990-cı illərdəki türk kəndlərinə fərdi etnoqrafik-folklor səfəri zamanı topladığı canlı materiallar əsərin ortaya çıxmasına müsbət mənada xeyli təsir etmişdir.
Müəllif kitabı müxtəlif bölümlərə ayırmışdır. “Tarixin yaddaşı”, “Coğrafi yurd”, “Maddi mədəniyyət”, “Toplum həyatı”, “Mənəviyyat”, “Xalq sənəti” bölümlərində Axısqa türklərinin mənəvi zənginliyindən hərtərəfli söhbət açılır.
Nəhayət, arzu edərdik ki, öz isti ocaqlarından, doğma yurd-yuvalarından pərən-pərən salınmış Axısqa türkləri “Qəribəm bu vətəndə!” – deməsinlər...
İradə Qaracayeva
BDU-nun jurnalistika fakültəsinin tələbəsi
(“Sərbəst düşüncə” qəzeti, 6-12 may 1993-cü il)