Akif Hüseynov
Asif Hacıyevin “Müasir nəsrin poetikası.
Mifoloji və folklor genezisi məsələləri”
əsərinə rəy
Asif Hacıyev ciddi, sanballı əsər yazmışdır. Bu tədqiqatı, hər şeydən əvvəl, yüksək professional səviyyə səciyyələndirir. Profesionallıq, görünür, ilk növbədə mövzuya yaxından bələdlikdən doğur. Əsəri oxuduqca yəqin edirdim ki, müraciət etdiyi materialı dərindən, mükəməl bilir. Özü də, burada material olduqca geniş, əhatəlidir. Belə ki, 70 – 80-ci illər Azərbaycan nəsri sadəcə olaraq keçmiş ümumittifaq fonunda alınmamışdır. Həmin tarixi-ədəbi kontekstin özü mərkəzə çəkilən problem baxımından hərtərəfli araşdırılmışdır. Bu mühüm məziyyət tədqiqata vüsətlilik aşılamışdır. Asif nəzəri ədəbiyyatı da çox yaxşı öyrənmişdir və özünün də nəzəri təfəkkürü çox güclüdür. O, geniş bir dövrün okeana bənzəyən ədəbi mənzərəsinə daxildən və ümumiləşdirici nəzər sala bilir, təmayülləri duyur və qabardır, bədii nümunələri dəqiq qruplaşdırır və bunların səciyyəvi cəhətlərini yığcam şərh edir.
Yazılı ədəbiyyat şifahi ədəbiyyatla həmişə əlaqəli şəkildə inkişaf edib, ancaq bu bağlılıq müxtəlif dövrlərdə müxtəlif şəkillərdə meydana çıxıb. 60-cı illərdən başlayaraq keçmiş sovet ədəbiyyatının inkişafında yeni bir mərhələ təşəkkül tapdı və bu mərhələnin özünəməxsus cəhətlərindən biri də əsatirlərə, folklora yeni bir səviyyədə qayıdış idi. Həmin dövrün ədəbiyyatındakı dəyişikliklər haqqında çox yazılmışdır, ancaq müasir nəsrin folklorla bağlılığını belə geniş konteksdə və belə yüksək elmi-nəzəri ümumiləşdirmə səviyyəsində bizdə hələ heç kəs öyrənməmişdi. Özü də Asifi prosesin zahiri əlamətləri maraqlandırmır. Yəni mifi təqlid etmək, folklorun bu və ya başqa şəkildə variantlarını quraşdırmaq hallarını haqlı olaraq o, əsl ədəbiyyat söhbəti çərçivəsindən kənara çıxarır. Müəllif adicə ünsür, mövzu, motiv hədlərində yox, bədii düşüncə, estetik idrak qatında əsatir və folklor şüuru ilə qovuşma məqamlarını izləyir, buna görə də həmin prosesin mahiyyətini, bu marağı şərtləndirən həyati və estetik şərtləri açıb göstərə bilir. Saysız-hesabsız əsərlərin təhlili ilə tədqiqatçı bizi inandırır ki, mifoloji qavrayış, folklor anlamı müasir bədii təfəkkürün tərkib hissəsinə çevilir, sənətkarların gerçəkliyə baxışlarına dərindən sirayət edir. Müasir yazıçılar həm də əsatir və folklor ənənələri işığında dünyanı dərk edirlər, həmin ənənələr bütünlükdə təhkiyə tərzinə, obrazlı təfəkkürə hopur, odur ki, əsərlərin poetik sistemini müəyyənləşdirir, ideya-mündəricəyə də, bunun bədii təcəssümünə də tamamilə yeni keyfiyyət aşılayır. Nəticədə müasir nəsr yeni üslubi cərəyanlarla, yəni janrlarla zənginləşir, əsatir və folklor düşüncəsi üçün səciyyəvi olan ümumiləşdirmə vüsəti gerçəkliyin daha konseptual dərkinə, bunun şərti-metaforik təcəssümünə imkan yaradır. Ədəbiyyatda həyatın fəlsəfi dərki dərinləşir, porblemlərin bəşəri mahiyyəti daha qabarıq nəzərə çarpdırılır, müxtəlif zaman və məkan keçidlərində insan ömrünün mənaasına işıq salır.
Asif Hacıyevin tədqiqatının başlıca dəyəri problemə bütöv və mahiyyəti ilə nəzər salmasındadır. Müasir nəsrin folklorla bağlılığının bütün əlamətləri burada geniş və yüksək nəzəri səviyyədə şərh olunmuşdur. Folklora qayıdış, yəni bu cəhətdən tarixi-estetik varisliyin təmin olunması hansı ehtiyacdan irəli gəlirdi – tədqiqatda bu mühüm suala dolğun cavab verilmişdir. Biz inanırıq ki, mifologizm və folklorizm əlamətləri müasir bədii təfəkkürdə çox dərin və geniş meyllər doğurmuşdur. Bu baxımdan da müasir nəsrin mənzərəsi tədqiqatda hərtərəfli canlandırılmışdır. Əsatir və folklor düşüncəsindən bəhrələnməyin səmərəsi əsərlərin bütün tərkib hissələrində izlənildiyinə görədir ki, söhbət poetika səviyyəsinə çıxır, yazı müasir nəsrin poetikası haqqında tədqiqata çevrilir. Burada heç yerdə sosial təhlil estetik təhlili üstələmir, müəllif problemlərin nəzəri-estetik təhlilinə həqiqi alim həssaslığı nümayiş etdirir, hətta deyərdim ki, onun tədqiqat metodunda yaxşı mənada strukturalizmin təsiri də duyulur.
Böyük maraqla oxuduğum bu əsərin, təəssüf ki, müəyyən qüsurlu cəhətləri də var. İlk növbədə burada polemik ruhun zəif olduğunu qeyd edərdim. Təəssüf ki, müəllif araşdırıdığı problem baxımından ədəbi prosesin ancaq pozitiv təcrübəsini ümumiləşdirməyə çalışmışdır, nəticədə çatışmayan cəhətlər diqqətdən yayınmışdır. Azərbaycan nəzəri-tənqidi fikri də, nədənsə, tədqiqata cəlb olunmamışdır.
Ancaq müəyyən kəsirləri ilə bərabər, əsərin məndə doğurduğu təəssürat, təkrar edirəm ki, çox yüksəkdir. Dediyim kimi, burada müasir nəsrin olduqca dolğun bir konteksti nəzərdən keçirilir və sevindiricidir ki, hazırkı elmi-nəzəri fikrin də geniş konteksti aydın duyulur. Bu məziyyətlər, eləcə də Asif Hacıyevin üslubu üçün səciyyəvi olan nəzəri dərinlik, ümumiləşdirmə bacarığı, estetik təhlilə həssaslıq onun tədqiqatını bütünlükdə Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nahiyyəti kimi qiymətləndirməyə imkan verir.
Akif Hüseynov
Filologiya elmləri doktoru
1997