ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Mahmud Allahmanlı

 
Folklorşünaslığa bir töhfə
 
(Sərbəst düşüncə, 01-14 aprel 2000-ci il)
 
         Filologiya elmləri Asif Hacılı “Bayatı poetikası” (Bakı, “Elm”, 2000) kitabı ilə folklorşünaslığımıza öz təhfəsini verdi. Nəzəri təhlilin şablon formasından çıxıb daha dərin qatlarda düşməyin yolunu göstərdi.
         Azərbaycan ədəbiyyatı əsrimizin sonlarına doğru bir sıra uğurlu nümunələri ilə irəliləyir. Bu, həm bədii yaradıcılıqda, həm də nəzəri təfəkkürdə müşahidə olunmaqdadı. Asif Hacılının “Bayatı poetikası” kitabı da bu sıradadır. Onu da qeyd edək ki, bu təhlil sistemi bütövlükdə ədəbiyyat üçün təzə deyil. Bu Azərbaycan bayatısı üçün yenidir. Başqa bir uğurlu cəhət indiyə qədər bayatı haqqında mövcud olan təkrarçılığın, şablon fikrin alt-üst edilməsidir. Etiraf etmək lazımdır ki, indiyə qədər bayatı ilə bağlı bir neçə mövcud fikri təkrarlamaqdan o yana gedə bilmirdik. Həm də etiraf etməliyik ki, bu təkrarçılıq hamımızı doydurmuşdu. Kimsə bu səddi aşmalıydı. Sevinməli haldı ki, aşıldı.
         Kitabda qoyulan problemlər bir növ özünün problematikası ilə maraq doğurur. Ədəbi mühiti düşünməyə sövq edir. Müəllifin özü demişkən, “bayatı ilə bağlı sualların cavablarından yox, əslində elə sualların özündən ibarətdir”.      
         Məhz ədəbiyyat onda qazanır, mühit onda düşünməyə sövq olunur. Asif Hacılının da kitabı özlüyündə suallar doğurur. Və doğurduğu sualları ilə yenidir. Bir də ki, bayatının özü sualdı.
         Kitabda üç istiqamət ardıcıllıqla izlənilir. Mətn və mühit, mətn və subyekt, mətn və mətn. Həm də digər bir məsələni qeyd edək ki, bu problemlər bir-birindən ayrılıqda deyil, möhkəm bağlılıqla araşdırılır. Bədii məzmunun janr strukturuna uyğunlaşdırılması açılma məqsədi daşıyır. Bayatı özlüyündə mükəmməl janrdı. Onun nəzəri tipologiyası əsas tutulmaqla tarixi kökləri də diqqət mərkəzində dayanır. Müəllifin irəli sürdüyü müddəa və prinsiplər kifayət qədər düşündürücüdür. Bir növ müasir dünya nəzəri fikrinin ümumi prinsiplərini əks etdirmək məqsədində görünür. Əsər demək olar başlanğıcda irəli sürülən müddəa və prinsipləri açmağa xidmət edir.  
         Struktur, semantika və praqmatika adı ilə verilən fəsillər nəzəri düşüncənin dolğunluğu ilə xarakterizə olunur. Struktur məsələsi ədəbiyyat üçün həmişə əsas olub. Tarixi poetikada ənənəvi struktur tipləri formalaşıb. Eyni zamanda o, yardımçı olmaqdan daha çox, əsərin mənasına təsir etmək gücündə görünmüşdü. Bu illah da xalq ədəbiyyatında, bayatılarda daha qabarıq nəzərə çarpır. Müəllifin vurğuladığı qapalılıq, tamlıq, mücərrədlik, sərtlik komponentləri bayatılarda xüsusilə güclüdü. Asif Hacılı bayatıların struktur baxımından bütün incəliklərinə diqqət yetirir, onu bu və ya digər baxımdan açmağa çalışır. Bayatı strukturunun fonopoetik qatı, qrammatik, leksik vasitələr, poetik sintaksis tədqiqat obyektinə çevrilir.
         Semantik poetika anlayışı bizim üçün həmişə maraqlı olub. Bir növ işarələrin məna tutumudu. Bayatıların fikir yükünün ağırlığında bu daha çox görünür. Müəllif burada misralararası, cərgələrarası, mətnlərarası semantikaya xüsusi diqqət yetirir. Ümumi mətn semantikası, semantik təkamül bayatı timsalında uğurla izlənir.
         Bayatıların praqmatika baxımından tədqiqi ilə də diqqəti cəlb edir. İşarə-subyekt bağlılığı bir istiqamət kimi bayatılarda aparıcılıqla nəzərə çarpıb. Burada janr praqmatikası, müəllif praqmatikası və üslubi praqmatikası var. Asif Hacılı bu məsələlərə xüsusi diqqətlə yanaşır və onu açmaq məqsədində görünür. Bayatılarda müəllif obrazının mühiyyəti bədii yaradıcılıqdakı semiotik prosesdən uzaqda deyil. Bütövlükdə bayatı bir forma kimi tamdır. Müəllif ona poetika baxımından yanaşıb ladların açır. Və demək olar buna da nail olur. Bütün bunların yekunu olaraq əvvəldə dediyimiz bir fikri təkrarlayırıq ki, Asif Hacılı folklorumuza öz töhfəsini verdi.
 
 
Mahmud Allahmanlı
filologiya elmləri namizədi            
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol