ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Cəlal Abdullayev


Hacıyev Asif Abbas oğlunun “Epik folklor ənənəsi və
60-80-ci illər Azərbaycan sovet nəsrinin poetik xüsusiyyətləri” mövzusunda
 namizədlik dissertasiyası haqqında elmi rəhbərin
   
RƏYİ

          Asif Hacıyev “Epik folklor ənənəsi və 60-80-ci illər Azərbaycan sovet nəsrinin poetik xüsusiyyətləri” mövzusunda yazdığı dissertasiya vacib bir problemə – müasir Azərbaycan nəsrinin tarixi poetikasının tədqiqinə həsr edilmişdir. Müəllif “folklor və ədəbiyyat” probleminə ənənəvi şəkildə yox, tarixi poetikaya daxil olan nəzəri problem kimi yanaşmışdır. Müasir Azərbaycan nəsrinin poetikası ədəbiyyatşünaslığımızda bu baxımdan, demək olar ki, tədqiq olunmayıb. Ümumiyyətlə, sovet ədəbiyyatının tarixi poetikasının tədqiqi probleminin özü hələ də mübahisəli və tam qərarlaşmamış bir məsələdir. Buna görə də müəllif, hər şeydən əvvəl, müasir ədəbiyyatların tarixi poetika baxımından tədqiqinin mümkünlüyü və vacibliyini irəli sürərək əsaslandırmağa çalışır, tarixi poetikanın bəzi metodoloji məsələləri, xüsusən tarixi poetikada nəzəri-tipoloji və tarixi-müqayisəli aspektlərin, tarixiliyin və strukturluğun vəhdəti haqqında yetkin mülahizələr yürüdür.
     Dissertasiyada müasir Azərbaycan nəsrində insan konsepsiyası və personajlar sistemi, süjet və kompozisiya, bədii zaman və məkan tədqiq olunur. Müəllif bütün bu məsələləri tarixi inkişafda, dinamik vəziyyətdə, eyni zamanda qardaş xalqların ədəbiyyatları kontekstində öyrənir. Dissertasiyada nəzəri təhlil zəngin faktik material, müasir ədəbi prosesi və epik ənənənin təkamülünü dolğun əks etdirən bir çox bədii əsərlər əsasında aparılır. Qeyd etmək lazımdır ki, dissertant mövzuya aid elmi-nəzəri, ədəbi-tənqidi ədəbiyyatı diqqətlə öyrənmiş, lazım gəldikdə, qərarlaşmış konsepsiya və avtoritetlərdən çəkinməyərək, bir çox mübahisəli məsələlərə öz tənqidi münasibətini bildirmiş və imkan daxilində onların orijinal şərhini verməyə çalışmışdır. Xüsusən folklorda müəlliflik problemi və onun insan obrazı ilə əlaqəsi, ədəbiyyatımızda insan konsepsiyasının milli-genetik və bədii-tipoloji özünəməxsusluğu, müasir sovet nəsrində epik ideallaşdırma və romantik tipikləşdirmə, süjet və kompozisiyanın milli-bədii özünəməxsusluğu, milli süjet tipi məsələsi, bədii zaman və məkanın mənşəyi, quruluşu və s. ədəbiyyatşünaslığımızda bu istiqamətdə ilk dəfə ortaya atılan və həllinə doğru uğurlu cəhd göstərilən belə məsələlərdəndir.
  Yeni elmi dəlillər əsasında dissertasiyada belə bir mülahizə yürüdülür ki, folklorda ədəbiyyatın əlaqəsi yalnız təşəkkül və formalaşma dövrünə aid olan müxaniki ardıcıllıq münasibəti yox, müasir inkişafa da təsir edən, sosial-mənəvi səbəblərlə bağlı olaraq müəyyən mərhələlərdə daha da aktuallaşan və fəallaşan daimi bağlılıqdır. Bu bağlılıq 60-80-ci illər nəsrində daha da güclənmiş, nəsrin poetik özünəməxsusluğunu təyin edən ciddi amilə çevrilmişdir. Lakin müəllif 60-80-ci illər Azərbaycan sovet nəsrinin bədii keyfiyyətlərini təhlil edərkən yalnız milli ənənənin rolunu göstərməklə məhdudlaşmır, milli ədəbiyyatlar arasında qarşılıqlı ədəbi təsir və zənginləşmə, xüsusilə rus ədəbiyyatının səmərəli təsirini rolunu, millilik və beynəlmiləlliyin vəhdətini də nəzərdən keçirir.
 Dissertasiyada poelmik və diskussiyalı cəhətlər də var. Lakin bunlar əsil elmi axtarışda təbiidir və əsərin elmi-nəzəri dəyərini aşağı salmır.
 Yüksək elmi səviyyədə və zəngin faktik material əsasında yazılmış, müasir Azərbaycan nəsrinin tarixi poetikasının ilk dəfə olaraq bir problem kimi irəli sürüldüyü və tədqiq olunduğu bu dissertasiya ciddi nəzəri və praktik əhəmiyyətə malikdir. Ondan Azərbaycan epik ənənəsinin gələcək tədqiqlərində və ali məktəblərdə nəzəri, tarixi və xüsusi kursların tədrisində istifadə etmək olar.
 “Epik folklor ənənəsi və 60-80-ci illər Azərbaycan sovet nəsrinin poetik xüsusiyyətləri” adlı əsər müasir ədəbiyyatşünaslığın yüksək tələblərinə cavab verir. Dissertantın mövzuya aid çap olunan kitabı, məqalələri və avtoreferat əsərin mzmununu tam əks etdirir. “Epik folklor ənənəsi və 60-80-ci illər Azərbaycan sovet nəsrinin poetik xüsusiyyətləri” adlı dissertasiyaya görə Hacıyev Asif Abbas oğluna filologiya elmləri namizədi alimlik dərəcəsi adını vermək olar.
Cəlal Abdullayev
Filologiya elmləri doktoru, professor (1986)
 
 
 
 
АВДУЛЛАЕВ Дж.М.: Товарищи, мой положительной отзыв на рабо­ту имеется в деле соискателя. Здесь же хотелось бы сказать, что Гаджиев А., несмотря на свою молодость, вполне зрелый ученый. Еще на первом курсе он написал статьи «Эвристическая система Платона», «Творческая психология Л.Толстого», а на третьем – статью о "Кероглы". Именно в тот период во время занятии в группе литературной критики его и заинтересовала тема диссертации, представленной се­годня к защите. Он – очень способный, старательный, целеустремлен­ный, неизменно интересующийся серьезными теоретическими вопросами, молодой исследователь. Как научный руководитель я им очень доволен.
1987
Namizədlik dissertasiyası müdafiəsinin protokolundan
 
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol