ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

R.M.Novruzov

R.M.NOVRUZOV
 
  
 
Asif Hacılı. Qurani Kərim rus ədəbiyyatında.
Bakı Slavyan Universitetində mühazirələr. Bakı, 2009, s. 268.
 
Sizinlə kitab haqqında düşüncələrimi bölüşməzdən öncə, bir fikri nəzərə çatdırmaq istəyirəm. Əgər mən yanlış deyiləmsə, bu kitab, o birisi universitetlər haqqında məlumatım ohnadığına görə, bizim universitetdə bu istiqamətdə hələ ki birinci kitabdır. Biz əminik ki, bu ilkin addım yaxın zamanlarda öz davamını həm mövzusu ilə, həm də zəngin tədqiqatı ilə bu tipli yeni kitablarda tapacaqdır.
Kitab beş fəsildən (beş mühazirədən) ibarətdir. Hər fəsilə epiqraflar verilmişdir. Bizim fikrimizcə, bu, bir tərəfdən, müasir tipli mühazirələr üçün yenilik gətirən addımdırsa, ikinci tərəfdən, çox maraqlı və cəlbedici cəhətdir – bunu klassik rus ədəbiyyatında epiqrafın əsər üçün açar rolu oynaması ənənəsinin davamı kimi qəbul etmək lazımdır. Hər bir epiqraf, doğrudan da adı çəkilən ədəbiyyat dövrünün əsas mahiyyətinin, məfkurəsinin metaforik, yığcam şəkildə açıqlamasıdır.
Bir az fikrimizi qabaqlayaraq, onu da qeyd edək ki, metodik cəhətdən kitab şəklində olan mühazirələrdə tələbələrə əsas istiqamətlər göstərilir, qeyd olunan ədəbiyyatlar mövzunu daha dərin və ətraflı dərk etmək üçün geniş imkanlar yaradır.
Müəllif mövzuya keçmədən öncə tarixi mənbələrə ekskurs edir. İstinad qaynaqları çoxdur, amma müəllif onlarm sırasından onun fikirlərini daha dəqiq və qabarıq şəkildə sübuta yetirənləri seçir və onlar inandırıcı bir amil kimi göstərilir. Məsələn, türk insanının Avrasiya tarixində həlledici rol oynaması fikrini görkəmli avrasiyaçı alim N.Trubetskoyun aşağıdakı mülahizələri ilə dəstəkləyir: "Müasir Rusiyanın, demək olar ki, bütün ərazisinin bir dövlətin hakimiyyəti altında birləşdirilməsi ilk dəfə rus-slavyan deyil, turanlılar-monqollar tərəfindən həyata keçirilmişdi ...Rusların turanlılarla birgə yaşayışı bütün rus tarixindən qırmızı xətlə keçir ...Rus dövlətçiliyinin qaynaqlarından biri tatar dövlətçiliyi oldu və buna göz yuman və ya əhəmiyyətini azaltmaq istəyən tarixçilər haqlı deyillər" (s.13). Daha dəqiq və obyektiv olmaq üçün A.Hacılı irəli sürdüyü fikri təkcə rus yox, slavyan aləmində tanınmış görkəmli çex alimi L.Niderlenin "bir çox slavyan dövlətlərinin türk – tatar nümunəsi əsasında, əslində türklər tərəfindən yaradıldığı" sözləri ilə təsdiqləyir.
Tarixi ekskurs istər-istəməz müəllifi yalnız Şərqin deyil, Qərbi Avropanm bir çox xalqlarının da tarixi türklərdən və islamdan ayrılmazdır düşüncəsinə gətirib çıxarır.
Araşdırmalar nəticəsində müəllif Qərbi Avropada islama ilkin dövrdən başlayan neqativ münasibətin artıq IX əsrdən ciddi elmi-mənəvi-mədəni maraqla paralelləşməsini qeyd edir. İslama marağın təzahüru Quranın 1141-1143-cü illərdə İspaniyada natamam şəkildə latın dilinə, 1543-cü ildə İsveçrədə, Bazeldə yenidən tərcümə olunmasmdan başlayır. Bununla yanaşı Səlib yürüşləri ilə yadda qalan hadisələr tək kilsə, din xadimləri tərəfindən yox, Orta əsr mütəfəkkirləri kimi tanınan Dante, Kampanella, Martin Lüter tərəfindən də mənfi qarşılanmışdır.
Buna baxmayaraq, A.Hacılı qeyd edir ki, XVII-XVIII əsrlərdən islama münasibət köklü dəyişir. Bu dəyişmənin bariz nümunəsi Quranın tam mətninin 1647-ci ildə Andre dü Riye tərəfindən fransız dilinə, 1770-də və 1840-da yeni fransız, 1649-cu ildə fransızcadan, 1734-cü ildə isə ərəb dilindən C.Sell tərəfindən ingilis dilinə, 1772-ci ildə alman dilinə ilk tərcümələridir. "Lakin bütün bunlarla bərabər, islama münasibətdə həm Qərbi, həm Şərqi Avropada qərəzli siyasi motivlər, ideoloji dözümsüzlük, riyakarlıq, qeyri-səmimilik həmişə izlənmişdir" müəllifin etirafı bir daha onu təsdiq edir ki, keçmişdən qalan dözümsüzlük sindromu hələ də Şərq ilə Qərbin dövlətlərarası dini və ya siyasi münasibətlərində qalmaqdadır.
            Hər bir sindrom sonunda ciddi xəstəliklərə gətirib çıxara bilər. Amma müşahidə etdiyimiz ziddiyyətli proses təbiiliyi üstələyə bilmir. Təbiilik də ondan ibarətdir ki, islam Avropa və Amerika mədəniyyətinin və mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Ümumi tarixi icmaldan sonra kitabın müəllifi tarix boyu islam aləmi ilə münasibətlərdə siyasi motivlərin aparıcı olduğu Rusiyanın islama tarixi münasibətlərinin çalarlarını açmağa çalışır. Burada III Ivanın dövründə (1462-1505) Türkiyə, İran və Krımla diplomatik münasibətləri, Pyotr dövrünün Rusiya-Türkiyə münasibətləri və bu müstəvidə Dmitri Kantemirin ədəbi-elmi fəaliyyətində Pyotr ideologiyasmm antiislam mövqeyinə sadiq qalması, II Yekaterina dövründə (1785-ci ildə dini dözümlülük haqqında Qramota; 1788-ci ildə Ufada Rusiya müsəlmanları Ali Ruhani idarəsinin təsisi) islama tolerantlıq nümayişi dəlil kimi göstərilir.
Məhz tarixin bu zaman kəsiyində Rusiya imperiyası işğal etdiyi ərazilərindən islama aid mədəni sərvətləri, əlyazmaları, o cümlədən Quranın nüsxələrini əldə edib, yeni elmi islamşünaslıq məktəbinin yaranmasının, şərqşünaslıq mərkəzlərinin, kafedraların açılmasının, Quranı Kərimin rus dilinə tərcümələrin əsasını qoydu.
Ədəbiyyatların qarşılıqh əlaqələrində ilkin olaraq vasitəçi dildən tərcümə də əsas rol oynayır. Bu da təbii hal kimi qəbul olunmalıdır, çünki qəbuledici rolunu oynayan ədəbiyyatın əsərlə tanışlığı orijinal dillə mümkün olmadığı halda vasitəçi dilin köməyi ilə tərcümə olunmuş mətn üçüncü bir dilə tərcümə edilir. Belə başlanğıc Rusiyada Quranın rus dilinə tərcüməsində də baş verir. Belə ki, Rusiyada Quranla ilk kütləvi tanışlıq fransız tərcüməsi sayəsində olub (Andre dü Riyenin fransızcaya tərcüməsindən 1716-ci ildə Pyotr Postnikov; 1790-ci ildə isə Mixail Veryovkin tərəfindən edilib). Sonralar ingilis dilinin vasitəsi ilə 1792-ci ildə, A.V.Kolmakov, nəhayət bir müddətdən sonra orijinaldan, yəni birbaşa ərəb dilindən D.Boquslavski (1871), Q.Sablukovun (1878), İ.Kraçkovski (1963), V.Poroxova (1991) və s. tərəfindən müqəddəs kitab rus dilinə tərcümə edilmişdir.
Ədəbiyyat mədəniyyətin əsas tərkib hissələrindən biri olaraq sözsüz ki özündə bu tarixi yenilikləri ehtiva etməli idi. Məhz bunu nəzərə alaraq müəllif düzgün nəticəyə gəlir, islam dininə marağı ilk növbədə bədii ədəbiyyatda aşkarlamağa cəhd edir. Kitabın müəllifi bir amili də yaddan çıxarmır: bu, Rusiyanın ədəbiyyat yönümlü ölkə olması, ədəbiyyatda tarix, fəlsəfə, ideologiyanı birləşdirməsi, daşıması amilidir.
Bu istiqamətdə əldə olunan material və faktlar kütləvi olaraq XIX əsrin əvvəllərinə təsadüf edir. Amma müəllif çalışır ki, ilk baxışdan xırda görünən faktları da nəzərdən qaçırmasın. Belə ki, məlum olduğu kimi, islam dünyasına dərin rəğbətlə yanaşan Afanasi Nikitin "Səyahət"ində hələ 15-ci əsrdə xristianlıqla islamın çulğalaşması, duaların mahiyyət və üslubca islami səciyyə daşımasını qeyd edirdi və bunları mətnin içərisində olan leksik vahidlərlə göstərirdi.
"Qızıl dövr ədəbiyyatı" adlanan ikinci mühazirədə müəllif XIX əsr rus ədiblərinin kursun predmetinə daxil olan yaradıcılıqlarında dərin araşdırmalar və təhlilər aparır. Araşdırmalar əsas etibarilə rus ədəbiyyatında və mədəniyyətində şərq mövzusu və sonralar "Şərq üslubu" istiqamətləri müstəvisində aparılır ki, bu da ədəbiyyatşünaslıqda çoxdan qəbul olunmuş elmi istiqamətdən irəli gəlir.
Müəllif oxuculara bu dövrdə və sonralar Rusiyada islama, müsəlman ölkələrinə münasibətdə həm müsbət, həm də "ortodoksal xristianlıq və imperiya iddialarından irəli gələn" mənfi çalarların da olması həqiqətini çatdırır. Mövcud ziddiyyətlər özünü tək ədəbiyyatda, fəlsəfədə deyil, həmçinin yazıçıların, filosofların dövrdən irəli gələn, cəmiyyətlə onlann arasında olan mürəkkəb münasibətlərində təzahürü edirdi. Müşahidə olunan mənzərə görkəmli slavyanofil filosofu, yazıçı və publisist K.N. Leontyevin mülahizələri tərkibində göstərilir.
Xüsusilə qeyd etmək lazımdır ki, Şərq-islam aləminin rus ictimai, fəlsəfi, estetik və elmi fikri tərəfindən mənimsənilməsində böyük rolu olan, rus şərqşünaslığının, islamşünaslığın əsasını qoyanlardan, adı çəkilən məktəbin yaradıcılarından olan dahi azərbaycanlıların - Mirzə Kazımbəyin və Mirzə Cəfər Topçubaşovun da adları yaddan çıxarılmır. Ümumiyyətlə, müəllif çalışır ki, tədqiq etdiyi mövzunu rus tarixi və mədəni mühitindən ayırmasın, çünki bu fon bilavasitə mövzunun açılmasında mühüm rol oynayır və onun vasitəsi ilə mövzunun qaynaqlarını və ya qaynaq elementlərini üzə çıxarmaq istəyir və buna nail olur.
Bütün mədəni, ədəbi sahələrin istiqamətləndirilməsində birinci olan dahi rus şairi A.S.Puşkin İslam dünyasına müraciət etmiş, bu poetik kamillik nümunəsindən ilham almışdır. Onun islama və oriyental ədəbiyyatına həvəsi, Quranı ətraflı öyrənməsi nəticədə Quran motivləri əsasında doqquz şeirdən ibarət xüsusi silsilə-nəzirə yazmağa məcbur etmişdir.
V.Q.Belinskinin "Qurana təqlidlər" adlandırdığı şeir və onunla həmahəng olan "Peyğəmbər" şeiri təhlil olunaraq Puşkinin islam dəyərlərinə dərin mənəvi münasibəti, onları ruhən mənimsəməsi inandırıcı üslubda təsdiqlənir. Puşkinin ədəbi ənənələrinə sadiq olan M.Lermontov əsərlərində ("Valerik", "Demon", "Zəmanəmizin qəhrəmanı" ('Fatalisf' hissəsi") onu islam Peyğəmbərinin təliminə yaxınlaşdırdığını (taleyə, həyata münasibətdə) aydın bildirmişdi.
Maraqlıdır ki, bəzi rus ədiblərinin yaradıcılığında, məsələn, N.Qoqolun və P.V.Çaadayevin, islam dünyası haqqında fikirlər əsasən onların elmi əsərlərində ifadə olunmuşdur. Məhz bu faktlar bir daha mühazirələr müəllifinin tədqiq olunan dövrün "islam Şərqi rus lirik poeziyası ilə yanaşı, belletrist nəşrdə, elmi, siyasi, ideoloji, fəlsəfi əsərlərdə və yazıçıların yazışmalarında geniş əks olunduğu" fikrinə gəlməsinə səbəb olmuşdur.
Araşdırılan mövzunun kontekstində dahi rus yazıçı Lev Tolstoyun yaradıcılığı mühüm yer tutur. Bəlkə də buna görə, A.Hacılı onun bədii mətnlərini ("Hacı Murad", "Kazaklar", "Basqın", "Meşənin qırılması", "Qiraət dairəsi", "Məhəmmədin Qurana daxil olmayan kəlamlan", Y.Y.Vəkilovanın Lev Tolstoya məktubu və onun cavabı) analiz edərək, dahi rus yazıçısının fəlsəfəsinin - bütün insanların, millətlərin, din mənsublarının, mədəniyyətlərin bərabərliyi, vəhdəti, Allah qarşısında hamının eyniliyi - formalaşmasında islam dəyərlərinin, xüsusən sufi vəhdət təliminin mühüm rolunun olmasını açıqlayır. Sözsüz ki Tolstoyun yaradıcılığı bu aspektdə daha dərin yanaşmaya geniş imkan yaradır və imkandan mühazirəçi daha geniş istifadə edə bilərdi. Amma aspektin əsas istiqamətlərinin göstərilməsini nəzərə alsaq, verilən mülahizələr qənəatbəxş hesab oluna bilər.
F.M.Dostoyevskinin yaradıcılığına gəldikdə isə müəllif düzgün olaraq yazıçının islama marağınm asiyaçılıq konşepsiyasından irəli gəldiyini hesab edir.
Maraqlıdır ki, avrasiyaçılıq Gümüş dövr adlanan mərhələnin ədəbi prosesini stimullaşdırmışdır. Adı çəkilən dövrün istedadlı nümayəndələri - V.Xlebnikov, A.Belıy, S.Yesenin, İ.Bunin, A.Blok, M.Voloşin, N.Qumilyov, V.İvanov, M.Kuzmin, O.Mandelştam, A.Axmatova, V.Şuf və bu kimi bir sıra başqaları islam mədəniyyətini ekzotik məişət kimi deyil, "dünyanı, insanı, həyatı anlamaq üçün universal qavrayış tərzi, ədəbi məna və dəyərləri aşkarlayan rəmzlər sistemi kimi" dərk etmiş, bu onların mənəvi aləminə dərindən sirayət etmiş, dünyaya baxışlarında və davranışlarında əks olunmuşdur.
Gümüş dövr mərhələsinin təsviri bir çox yeni yanaşmalarla fərqlənir, Məsələn, Konstantin Balmontun "Zərbə" şerini Quranın "Ə1 - Qariə" surəsi ilə müqayisə və bu müqaisəyə onun rus dilinə tərcümələrini cəlb edərək bir mətni fərdi yanaşmaların özünəməxsusluğunun təfsiri ilə izah edir. Birincisi, belə bir yanaşma tələbələrə dərs zamanı elmi müqayisənin mexanizmini aşılayır. İkincisi isə, elmi-metodiki cəhətdən verilən tədqiqat üslubu tələbələrdə axtarış vərdişlərinin yaranmasına və inkişafına təsir göstərir.
Bizim fikrimizcə, mühazirələrin ən önəmli cəhətlərindən biri də ondan ibarətdir ki, müəllif bütün orijinal mətnlərin hamısına Azərbaycan dilində sətri tərcümələr verir, bu da tələbələrin iki dili müqayisəli qavramasında mühüm rol oynayır.
Sovet dövrü rus ədəbiyyatına dair məruzələrdə islam mövzusuna aid yazılar müstəsna hal kimi verilir və göstərilir ki sovet ateist mühitində, repressiyalar dövründə, siyasi - ideoloji təzyiqlər caynağında azad fikir söyləmək, yüksək bəşəri dəyərlər barəsində düşünmək belə mümkün deyildi, yasaq idi. Amma bütün maneələrə baxmayaraq, bu gərgin və mürəkkəb dövrdə də rus yazıçıları özlərində hünər tapıb islamın dəyərlərinə qarşı hörmətlə yanaşır və onun bəşəriyyətə, mədəniyyətlərə təsirini, dünyanı düzgün dərketməkdə rolunu dəstəkləyərək gələcəyinə inanırdılar.
İnamın gerçəkliyi müasir dövrdə özünü biruzə verdi. Asif Hacılı bir alim, pedaqoq kimi əmindir ki, "müasir qloballaşma dövründə məhz Şərq mədəniyyəti inteqrativ rol" oynayacaq. O bu rolun bünövrəsini, özülünü avrasiyaçılığın təlim konseptində görür və inanır ki, rus fəlsəfi, ideoloji, ədəbi-estetik fikrində islam mədəniyyətinə münasibət daha da aktuallaşacaq.
Rusiya Federasiyasında vüsət almış hadisələr və mədəniyyət yenilikləri - islam universitetlərinin, mədrəsə və məktəblərin açılması, islam mətbu orqanlarının çoxalması, islam poliqrafiyasının geniş intişarı, islam memarlığın sürətlə inkişafı və s. - rusiyalı müsəlman və həm də qeyri-müsəlman yazıçı və şairlərin islam mövzusunda yaradıcılıq fəallığı müəllif tərəfindən deyilən fikirlərə bir növ sübutdur. Dəlil kimi gətirilən nümunələr bir daha bu sahədə ümidli gələcəyə oxucunun inamını artırır.
Mühazirələr kitabı haqqında fikirlərimizi yekunlaşdırmazdan öncə bir incəliyi də qeyd etmək, elmi redaktor AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Kamal Abdullayev tərəfindən yazılan müqəddimə haqqında bir neçə söz söyləmək istərdik.
Kitabın redaktoru özünə məxsus olan poetik şəkildə "Ecazkar mənalar aləmi" adlı girişdə mövzunun, onun struktur təşkilinin əhəmiyyətini və "kitabın oxucularda, tərcüməçilərdə mövzuya dərin maraq oyadacağına" əminliyini bildirərək bir daha onun tək bakalavr tələbələrinə, magistrantlara deyil, geniş oxucu kütləsinə, elm adamlarına da elmi-tövsiyə mənbəyi kimi təqdim olunmasmı təsdiqləyir və əsl mənada elmə yeni mövzular, istiqamətlər gətirə biləcəyinə inam yaradır.
 
BSU Elmi əsərləri, dil və ədəbiyyat seriyası, 2009, №2
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol