ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Cavanşir Yusifli

Müasir nəsrin genezisi
 
(Asif Hacıyev – Müasir nəsrin poetikası)
(rus dilində) “Mütərcim”, 1997
 
         Yəqin xatırlatmaq artıq olar ki, son zamanlar Azərbaycan nəsri bir çox yöndən, daha çox sənətkarlıq (poetika) baxımından ardıcıl şəkildə araşdırılır. Bu bir həqiqətdir ki, zaman keçdikcə XX əsr nəsrinin sənətkarlıq problemlərinə münasibətin özü ciddiləşmiş, bu son dərəcə mürəkkəb problem təkcə “müasirlik” kateqoriyası baxımından deyil, eyni zamanda tarixilik, mifoloji və folklor genezisi, milli süjet konsepsiyası, dünya müəllif baxışı və bu kimi digər problemlərin işiğında araşdırılmışdır.
         Tənqidçi-ədəbiyyatşünas Asif Hacıyevin “Müasir nəsrin poetikası” (rus dilində) kitabı da məhz bu baxımdan – tədqiqat obyektinə sırf fəlsəfi-ədəbi münasibətin vəhdəti baxımından maraq doğurur. Müasir nəsrin folklor və mifoloji genezisinin öyrənilməsinin aktuallığı nədir? Başqa cür ifadə etməli olsaq, son iki on ildə ədəbiyyatşünaslıqda ədəbi prosesin folklor və mifoloji aspektlər müstəvisində öyrənilməsinə marağın güclənməsi nə ilə əlaqədardır? Müəllif bunu belə izah edir ki, son illər, doğurdan da, insanların həyat tərzində kəskin dəyişmələr baş vermiş, cəmiyyətin strukturunda texnologiyanın inkişaf tempi yüksəlmiş, ənənəvi təsəvvürlər təbəddülata uğramış bir sözlə, insana gəlib çatan informasiya ykü həddən ziyadə çoxalmışdır. Bütün bunlar həm də ona səbəb olmuşdur ki, şüuraltı, irrasional amillərə, davranışın əski arxetiplərinə maraq sürəkli şəkil alıb. Bütün bunlar öz-özünə belə bir poetik sual doğurur: hara gedir bu dünya? Bu suala bütövlükdə bədii düşüncə, XX əsr ədəbiyyatının qazandığı son dərəcə zəngin təcrübə cavab verməlidir. Nəsr öz təcrübəsində mənəvi həyatını və düşüncə tərzini əks etdirdiyi konkret millətin – bu etnik-mədəni sistemin bütün daxili strukturunu ehtiva edirsə, demək bu prosesdə “milliləşmə” prosesi eninə yox, artıq dərininə inkişaf edir, folklor və mifoloji motivlər statiklikdən çıxaraq dinamika qazanır, dünyanı qavramağın prinsipinə çevrilir, müəllifin öz ifadəsi ilə desək, çağdaş bədii mətnlərin poetik sisteminin konseptual əsasına dönür.
         Elə yerindəcə qeyd edək ki, burada təkcə “millilik”, milli düşüncə tərzinin ifadəsi əsas və yeganə amil deyildir, ədəbi prosesdə folklor və mifoloji obrazlara müraciətin, bizim fikrimizcə, daha digər ciddi obyektiv səbəbləri mövcuddur. Özü də bu təkcə nəsrdə yox, poeziya, dramaturgiya, koni və rəssamlıqda da eyni tipologiyaya malikdir. Məsələnin bütün məğzi ondan ibarətdir ki, ədəbi prosesin, bədii təfəkkürün ifadəsi... həmişə, təbir caizsə, bir düz xətt boyunca getmir, trayektoriya bəzən qırıq-qırıq xətlərdən, bəzən spiralvari (həm də assimetrik-!) təkamüldən, müəyyən hallarda isə bir-birinin içinə, geydirilmiş, şəkil, forma etibarilə deformasiyaya uğramış çevrələrdən ibarət olur. Nümunə üçün Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Qatar. Latur. Pikasso”, Mövlud Süleymanlının “Köç”, “Yel Əhmədin bəyliyi” əsərlərini və gənc şair və nasir İbrahim İbrahimlinin “S” hekayəsini göstərmək olar. Bu prosesi – həyatın necə var elə əksinin “sınaraq” daim irəli cuma-Cuma geri qayıdan xəttə çevrilməsini addımbaaddım izləməli olsaq, qarşımızda son dərəcə paradoksal, ilk baxışla heç də aydın görünməyən bir mənzərə yaranar: nəyə görə yazıçılar dünyanın bədii dərki yolunda məlum ifadə vasitələrindən – “estetikadan qaçıb - magiyaya girməyə” məcbur olurlar. Pikassonun, Mircavadın, Dalinin rəsimlərindəki deformasiya effekti hardan gəlirdi? Elçinin yuxarıda adını çəkdiyimiz hekayəsində qəhrəmanların məlum, konkret zaman içindəki zamansızlığı (rəsmdə ürəyə batan oxun hərəkəti – zamanların üstü ilə süzməsi-!) başsındıran suallar doğurur. Bu magig-fəlsəfi problematikanınsanki bilavasitə davamı kimi çağdaş Azərbaycan nəsrinin gənc yaradıcıları (Pərviz, Orxan Fikrətoğlu və İbrahim İbrahimli) bu təsadüfdə artıq ruhun və şüurun atom kimi zərrələrə parçalanmasından bəhs edirlər, onların süjet postikasında folklor və mifoloji obrazlar bol-bol və bilavasitə iştirak etməsə də, sual ənənəvi sualdır: bir acı bağırsaq kimi içindən doğranaraq hara gedir bu dünya?
         Yuxarıda qeyd elədik ki, Asif Hacıyevin “Müasir nəsrin poetikası” monoqrafıyası bütövlükdə tədqiqat predmetinə elmi-fəlsəfi münasibətin vəhdəti ilə də maraq doğurur. Bunun özü təbiidir, problemin qoyuluşunun özü bunu tələb edir. (Məsələn, folklor-ədəbiyyat əlaqələri aspektində müəllif problemi). Müasir filologiyada müəllif problemi indiyə qədər həm qeyri-qənaətbəxş və həm də qeyri-dəqiq (ümumi, yayğın...) şəkildə araşdırılmışdır. Çünki, nümunənin özü paradoksaldır ki, bu problemlə məşğul olan bəzi mütəxəssislər də ədəbiyyatla folklorun fərqli şey olduqlarını başa düşsələr də, tədqiqatlarında bu fərqin anatomiyasından çıxış etmirlər. Bu, daha çox həm folklor, həm də ədəbiyyat üçün ümumi olan mətndaxili kateqoriyaların (müəllif obrazı və müəllif təfəkkürün ifadə formaları) incələnməsi zamanı özünü göstərir. Ədəbiyyatla, yazılı mətnə gəlib “düşən” mifopoetik obraz (“...Bilsəydim ayrılıqdır, - öpərdim gözlərindən”...) ilk mərhələdə kollaj stixiyası yaradır, gözümüzün binayi-qədimdən aldığı “düz xətti” qırır, hər şeyi bir-birinə qatışdırıb yeni rəng, yeni çalar yaradır.
         Qeyd etmək lazımdır ki, müasir filoloji təcrübədə “müəllif obrazı” kateqoriyası haqqında bir çox nəzəriyyələr mövcüddur. Onlardan biri, vaxtilə V.V.Vinoqradovun işləyib-hazırladığı “üslubi” nəzəriyyədir; bu mexanizmə əsaslanaraq o, bədii mətndə fərdi (müəllif) aspektini ayıraraq bədii əsərin formal və məna elementlərinin əsasında müəllif obrazını bərpa etməyi təklif edirdi. Bu nəzəri sistemdə müəllif obrazına iki mövqedən baxıllır: müəllifin üslubu və müəllif “nöqteyi-nəzəri” kimi. Məlumdur ki, M.M.Baxtinin əsərlərində bu problemə tam fərqli bir baxış mövcud olmuşdur, bu yeni nəzəriyyə kardinal şəkildə əvvəlkinin əksi kimi meydana gəlmiş, müəllif kateqoriyasının bədii obraz anlayışına müncər edilməsi rədd edilmişdir. Digər fərqli, yaxud analoji baxışları saf-çürük etmədən demək lazımdır ki, Asif Hacıyev bu tarixi-nəzəri təcrübəni sistemli şəkildə incələyərək məlum probleməöz münasibətini müəyyənləşdirir, tarixi təcrübədə zamanın sınağından keçə bilmiş müddəaların xüsusiyyətləri barədə söz açır.
         Kitab müəllifi məsələnin ümumi qoyuluşunda bəzi cəhətləri aydınlaşdırdıqdan sonra mifologizm və folklorizmin təhkiyə strukturundakı incəliklərinə diqqət yetirir, ənənəvi və qeyri-ənənəvi müəlliflik (müəllif təfəkkürün mifolojiləşməsi) kateqoriyalarını ayırd edir. Müəllif refleksiyasında qeyri-ənənəvi müəlliflik – belə bir müəllif obrazı tipi dialoji mətnlər üçün səciyyəvidir. Bu təsadüfdə elə olur ki, bədii dünya elə reallığın alternativi olan mifoloji universium kimi qavranılır; Mövlud Süleymanlının “Köç” və Yusif Səmədoğlunun “Qətl günü” romanları bu baxımdan diqqətlə araşdırılır. Yeri gəlmişkən deyək ki, adi keçən romanların bu şəkildə araşdırılması onlar haqqında mövcud tənqidi-elmi müddəaların daha da dolğunlaşdırılmasına, bu əsərlərin bədii strukturu ilə bağlı müəyyən qaranlıq və həm də tənqidi intiutiv şəkildə ifadə olunan cəhətlərin açılmasına xidmət göstərir. Müəllif qeyd edir ki, bu romanlarda “qəhrəmanların təfəkküründə dünyanın qavranılması obyektiv dərk yolu ilə deyil, daxildən, daxilə dikilmiş gözlə reallaşdırılır”. Vaxtilə K.Q.Yunq özünün “Kollektiv şüuraltı arxetipləri haqqında” əsərində qeyd edir ki, “mifoloji təfəkkürdə fikir, məna məhz daxili qavrayışın obyekti olub, bu, necə deyərlər, öz-özlüyündə meydana çıxmayıb, daha doğrusu, görülüb və eşidilib”. “Köç” romanının baş qəhrəmanı İmirin də şaman təsəvvürləri ilə aşılanmış dünyagörüşündə məna, fikir, predmet, səs, görmə və eşitmə... sinkretik vəhdətdə verilir...
         Bizə belə gəlir ki, “Müasir nəsrin poetikası” monoqrafiyası nəzəri səviyyəsi və təhlil canlılığı ilə çağdaş nəsrin digər vacib problemlərinin həm ədəbi tənqid və həm də ədəbiyyatşünaslıqda uğurlu tədqiqinə təkan verə biləcəkdir.
 
Cavanşir Yusifli     
 
Ədəbiyyat qəzeti, 29 avqust 1997                    
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol