N.Rüstəmli
Yeni kitablar
Asif Hacıyev. Müasir nəsrin poetikası. Mifoloji və folklor genezisi məsələləri. – Bakı, Mütərcim, 1997 (rus dilində, 13 ç. v.).
Xalq yaradıcılığı və müasir ədəbiyyatın poetikası ilə məşğul olan ədəbiyyatşünas – tənqidçi Asif Hacıyevin “Mütərcim” nəşriyyatında çapdan çıxmış “Müasir nəsrin poetikası. Mifoloji və folklor genezisi məsələləri” adlı yeni monoqrafoyası filologiyanın maraqlı bir məsələsinə həsr edilmişdir. Giriş, üç fəsil, nəticə, qeydlər və biblioqrafiyadan ibarət olan monoqrafiyada müasir bədii-estetik təfəkkürün əsasında duran mif-folklor qaynaqları, çağdaş nəsrdə aşkarlanan ənənəvi obraz və süjetlər, təhkiyə və kompozisiya prinsipləri, janr xüsusiyyətləri dərindən təhlil olnmuşdur. Müəllif türk və digər mifopoetik sistemləri müqayisəli araşdırmış, bir çox xalqların müasir nəsrindəki ortaq və seçilən xüsusiyyətləri şərh etmişdir. Kitabda ədəbiyyatın ilk növbədə fəlsəfi-estetik mahiyyəti və nəzəri problemləri önə çəkildiyindən ümumən müasir mədəniyyətin inkişaf meylləri, insanın daxili aləmi ilə bağlı ədəbi mənəvi kateqoriyalar elmi həssaslıqla ümumiləşdirilmişdir. Əsər müasir ədəbi prosesin varisliyi və qanunauyğunluqları, bir çox məşhur yazıçıların sənətkarlıq xüsusiyyətləri, mühüm poetik anlayışların mahiyyəti haqqında dolğun təsəvvür yaradır. Müasir nəsrin genetik poetikasına aid ilk xüsusi tədqiqatlardan olan monoqrafiya ədəbiyyatşünaslar və folklorşünaslar üçün nəzərdə tutulmuşdur.
N.Rüstəmli
(“Respublika” qəzeti, 20 dekabr 1997-ci il)